AZ

Zəfər Günü Niderlandda böyük coşqu ilə qeyd edilib - FOTOLAR

Niderland Krallığının siyasi və inzibati mərkəzi olan Haaqa şəhərindəki ən nüfuzlu mədəniyyət mərkəzlərindən olan Milli Teatrda (Het Nationale Theater) Zəfər Günü ilə əlaqədar “Mənim Azərbaycanım: Odlar Yurdunun ritmləri” adlı möhtəşəm konsert proqramı keçirilib.
 
Bu barədə Moderator.az-a Azərbaycanın Niderland Krallığındakı Səfirliyindən məlumat verilib.
 
Tədbir Azərbaycan Respublikasının Niderlanddakı Səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Diasporuna Dəstək Fondu və Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.
 
Konsertin başlanğıcında 2021-ci ildə Şuşada - Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalında Kənan Bayramovun ifa etdiyi “Bayatı-Şiraz” muğamının videosu nümayiş etdirilib.
 
Azərbaycanın Niderland Krallığındakı səfiri Məmməd Əhmədzadə bu təsirli səhnənin rəmzi mənasını vurğulayaraq bildirib ki, “Bayatı-Şiraz” muğamı uzun illər ərzində işğal dövründə Azərbaycan xalqı üçün ağrının, həsrətin və Vətənə qayıdış ümidinin simvoluna çevrilmişdi və artıq beş ildir ki, bu həsrət geridə qalıb, tarixi ədalət bərpa olunub.
 
O həmçinin qeyd edib ki, bu səhnədə həm vətəndən gəlmiş, həm də Niderlandda yaşayan azərbaycanlı musiqiçilərin birgə çıxışı xüsusi qürur mənbəyi, Zəfərimizin bayramı, sülhün, dostluğun və Azərbaycan-Niderland mədəni əlaqələrinin parlaq rəmzidir.
 
Tədbir xalqımızın zövqünü, sevincini və həyat eşqini əks etdirən milli musiqimizin və rəqslərimizin zəngin palitrasını təqdim edən rəngarəng konsert proqramı ilə davam edib.
 
Səhnədə həm Niderlandda yaşayan azərbaycanlı ifaçılar, həm də Azərbaycandan gəlmiş musiqiçilər bir araya gəlib. Tanınmış bəstəkar və müğənni, Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin sədri Frəngiz Bağırova “Bulaq üstə gedən gözəl”, “Doğma diyar, Azərbaycan”, istedadlı sənətçi Nemətəğa Əliyev “Şuşanın dağları”, “Azərbaycan oğluyam”, gənc musiqiçilər - müğənni Orxan Cəlilov və pianoçu Vasif Hüseynli “Azərbaycan”, “Ana”, “Bulaq üstə gedən gözəl”, “Doğma diyar, Azərbaycan”, “Ay Laçın”, “Qalalı”, “Bu gecə”, “Şən Azərbaycan”, “Küçələrə su səpmişəm”, “Çırpınırdı Qara dəniz” kimi sevilən mahnıları dərin emosional ifadə və vətənpərvərlik duyğuları ilə səsləndirərək tədbirə xüsusi rəng qatıblar.
 
Konsertin ən təsirli anlarından biri yekunda bütün musiqiçilərin və rəqqasların birgə səhnəyə çıxaraq birlikdə “Ey Vətən” mahnısını ifa etməsi olub.
 
Seçilən
35
7
moderator.az

9Mənbələr