AZ

Şəhid atasına yüksək vəzifə verildi – FOTO

Vətən müharibəsinin şəhidi, baş leytenant Mahir Dadaşzadənin atası Qərib Təhməzova yüksək vəzifə verilib.

NOCOMMENT.az Korrekt.az-a istinadən bildirir ki, o, Dövlət Vergi Xidmətinin Beyləqan şəhərində yerləşən 8 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini təyin edilib.

Bu barədə Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli müvafiq əmr imzalayıb.

Q.Təhməzovun özü də Birinci Qarabağ müharibəsinin veteranıdır. O, 1998-ci ildən vergi sistemində çalışır. Prezident İlham Əliyevin 2020-ci il fevralın 11-də imzaladığı sərəncamla 3-cü dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, Qərib Təhməzovun oğlu Mahir Dadaşzadə 1993-cü il sentyabrın 1-də Beyləqan rayonunun Allahyarlı kəndində anadan olub. Ailəli idi.

Mahir Dadaşzadə 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində və 2020-ci ilin 12–16 iyulunda baş verən Tovuz döyüşlərində savaşıb.

Azərbaycan Ordusunun baş leytenantı olan Mahir Dadaşzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovun, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mahir Dadaşzadə Vətən müharibəsində 20-dən çox yaralı hərbçini döyüş meydanından çıxarıb. Mahir Dadaşzadə oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonu Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Mahir Dadaşzadə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “3-cü dərəcəli “Rəşadət” ordeni” medallarıyla təltif edilib.

Seçilən
24
3
nocomment.az

4Mənbələr