AZ

“Repetitorluğa məhdudiyyət qoyulmamalı, sistemli islahatlar aparılmalıdır”

Müəllim iş saatı bitdikdən sonra qanuni şəkildə vergi ödəyərək repetitorluq fəaliyyəti göstərə bilər. Burada hər hansı bir məhdudiyyət yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev söyləyib.

Müsahibimiz qeyd edib ki, repetitorluq fəaliyyətinə birbaşa müdaxilə edilərsə, bu, təhsil ictimaiyyəti arasında ciddi narazılıq və narahatlıq yarada bilər:

"Ümumiyyətlə, son günlərdə sosial platformalarda, xüsusilə də Nazirlik tərəfindən repetitorluq fəaliyyətinin məhdudlaşdırılacağına dair fikirlər səsləndirilir. Mən bu məsələ ilə bağlı öz fikrimi bildirmək istəyirəm: repetitorluq fəaliyyəti heç bir qurum tərəfindən məhdudlaşdırıla bilməz.

Çünki repetitorluq fərdi fəaliyyət sahəsidir. Əgər hər hansı bir repetitor ümumtəhsil məktəbində işləyirsə və həmin məktəbin daxilində, dərsdənkənar vaxtda repetitorluq fəaliyyəti göstərirsə, bu, doğrudan da düzgün deyil. Eyni zamanda, əgər bir müəllim şagirdinə dərsi tədris proqramına uyğun şəkildə keçməyib, onu əlavə hazırlığa cəlb edirsə, bu da doğru hesab edilə bilməz".

Lakin istər ümumtəhsil məktəbində işləyən, istərsə də işləməyən müəllim fərdi sahibkar kimi repetitorluq fəaliyyəti ilə məşğul ola bilər. Hazırda hazırlıq kurslarında dərs deyən bir çox müəllimlər məktəbdəki dərs saatlarından sonra, boş vaxtlarında həmin kurslarda işləyirlər. Eyni qaydada, müəllim iş saatı bitdikdən sonra qanuni şəkildə vergi ödəyərək repetitorluq fəaliyyəti göstərə bilər. Burada hər hansı bir məhdudiyyət yoxdur. Hər bir vətəndaş öz əsas işindən fərqli olaraq başqa sahədə də qazanc əldə edə və fəaliyyət göstərə bilər. Buna heç kim məhdudiyyət tətbiq edə bilməz".

Repetitorlu fəaliyyəti yalnız bizim ölkədə tətbiq olunmur:

"Müəyyən proqramlar çərçivəsində bu fəaliyyətə müəyyən məhdudiyyətlərin tətbiq olunacağı qeyd edilir. Lakin bu proqramların reallaşacağı və hansı formada tətbiq olunacağı məsələsini zaman göstərəcək. Məsələn, süni intellekt əsaslı tədris proqramlarının tətbiqi nəticəsində bəzi fənlər üzrə repetitorluq fəaliyyətinə ehtiyac azalarsa, bu, təbii bir proses olacaq. Amma bu sahəyə birbaşa müdaxilə və məhdudiyyətin tətbiqi, mənim fikrimcə, doğru yanaşma olmaz.

Unutmaq olmaz ki, hazırda müəllimlərin böyük bir qismi repetitorluq fəaliyyəti ilə məşğuldur. Əgər bu fəaliyyətə birbaşa müdaxilə edilərsə, bu, təhsil ictimaiyyəti arasında ciddi narazılıq və narahatlıq yarada bilər. Nəticədə, müəllimlər arasında Elm və Təhsil Nazirliyinə qarşı mənfi münasibət formalaşa bilər ki, bu da, təbii ki, nazirlik üçün arzuolunan bir hal deyil.

Ona görə də mən hesab edirəm ki, burada birbaşa məhdudlaşdırmadan söhbət getməməlidir. Əksinə, tədris prosesində müəyyən islahatlar, yeni proqramlar və mexanizmlər tətbiq olunmaqla repetitorluq fəaliyyəti tədricən azaldıla bilər. Lakin bu işin inzibati qaydada məhdudlaşdırılması nə doğru, nə də məqsədəuyğun bir addım olardı.

Ümumiyyətlə, repetitorlu fəaliyyəti yalnız bizim ölkədə tətbiq olunmur. Türkiyə və bir çox inkişaf etmiş ölkələrdə də  repetitorluq var". 

Seçilən
3
3
bakivaxti.az

4Mənbələr