AZ

Paşinyandan yeni həmlə Ermənistan üçün növbəti hədəf elan olundu

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan son günlər keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyana ünvanladığı açıqlamalarla Qarabağ məsələsi və ölkənin gələcək siyasəti ilə bağlı mövqeyini yenidən ortaya qoyub.

Paşinyan sosial şəbəkə hesabında bildirib ki, Qarabağ məsələsi Ermənistan Respublikasının taleyini müəyyən edən qüvvələrin əlindədir və xalqların hüquqları, tarixi ədalət kimi anlayışlar yalnız məqsədlərin gizlədilməsi üçün istifadə olunub. Baş nazir həmçinin vurğulayıb ki, müharibənin dayandırılması ilə bağlı bütün təkliflər prosesin bir hissəsi olub və bu prosesin əsas məqsədi erməni dövlətçiliyinə son qoymaq idi.

Bu bəyanatlar Ermənistanda yeni siyasi kursun başlaması kimi dəyərləndirilə bilər?

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyana ünvanladığı son bəyanat ölkənin siyasi həyatında yeni mərhələnin başlandığını göstərir:

“Onun “Qarabağ məsələsi Ermənistanı ən yaxın ağaca bağlamaq üçün istifadə edilən vasitə idi” sözləri, əslində illərlə davam edən yalan üzərində qurulmuş siyasi doktrinanın ifşası kimi dəyərləndirilə bilər. Paşinyan bu çıxışı ilə təkcə öz siyasi rəqiblərini deyil, bütövlükdə “köhnə və saxta Ermənistan” anlayışını hədəfə alır.

Paşinyanın bu fikirləri təsadüfi deyil. O, açıq şəkildə bildirir ki, “Böyük Ermənistan”, “Miatsum” kimi terminlər əslində Ermənistanı uçuruma aparan manipulyativ vasitələr olub.

Bu bəyanat Paşinyanın daxili auditoriyaya mesajıdır. O, Ermənistana yeni ideoloji istiqamət vermək niyyətindədir. Yeni kursun əsas məzmunu isə “Qarabağsız Ermənistan” konsepsiyası üzərində qurulur. Paşinyan anlayır ki, ölkəsini iqtisadi və siyasi böhrandan çıxarmaq üçün Rusiya ilə asılı münasibətlərdən uzaqlaşmaq, Qərblə inteqrasiyanı dərinləşdirmək və qonşularla real sülh gündəmini formalaşdırmaq vacibdir. Bu mənada, o, Köçəryan və Sarkisyanın simasında həm keçmişin revanşist düşüncələrinə, həm də Kremlin siyasi himayəsinə meydan oxuyur”.

Elçin Mirzəbəyli

E.Mirzəbəyli deyib ki, Paşinyanın çıxışı həm də Ermənistan-Rusiya münasibətlərində qırılma nöqtəsi kimi dəyərləndirilə bilər:

“Çünki o, açıq şəkildə göstərir ki, Moskva ilə “qardaşlıq” siyasəti Ermənistanı müstəqil dövlət kimi inkişaf etdirməyə imkan verməyib. İndi isə Paşinyan bu asılılıq zəncirini qırmağa çalışır. Bu, təbii ki, ölkə daxilində ciddi qarşıdurma yaradır, xüsusilə də kilsə və rusiyayönlü siyasət və media dairələri arasında narazılıqları artırır.

Əslində, Paşinyanın “köhnə Ermənistan”la mübarizəsi təkcə siyasi hakimiyyət uğrunda mübarizə deyil, həm də ideoloji savaşdır. Bu savaşın əsas cəbhəsi erməni kimliyinin yenidən müəyyənləşdirilməsidir. Onun təfəkküründə yeni erməni dövlətçiliyi qonşulara qarşı əsassız ərazi iddialarından imtina edən və regional sülhə üstünlük verən model üzərində qurulmalıdır.

Bütövlükdə isə, Paşinyanın son çıxışı Ermənistanda “keçmişlə gələcəyin toqquşması”nı daha da kəskinləşdirir. O, bu gün “dövlətçiliyə təhlükə yaradan qüvvələr” dediyi Köçəryan-Sarkisyan cütlüyü ilə mübarizə aparmaqla, əslində, Ermənistanın siyasi gələcəyini müəyyənləşdirməyə çalışır. Ancaq bu mübarizənin nəticəsi yalnız daxili siyasi iradədən deyil, həm də Ermənistan cəmiyyətinin keçmişin miflərindən azad olub-olmamasından asılı olacaq”.

Turan Rzayev

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
globalinfo.az

2Mənbələr