AZ

Azərbaycanın bu addımları təkcə Ermənistan üçün deyil... Səxavət Məmməd yazır

Adelet.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

44 günlük müharibənin nəticələri Azərbaycanı arxayın salmadı. Bir çoxları düşünürdü ki, bu qələbədən sonra Azərbaycan ordusu yerində dayanacaq və zəfərin yaratdığı eyforiyaya qapılacaq. Ancaq əksinə, Azərbaycan müharibənin nəticələrini dərindən analiz edərək, hərbi sistemindəki güclü sahələri daha da möhkəmləndirməyə, zəif və yenilənməyə ehtiyacı olan sahələri isə təkmilləşdirməyə qərar verdi.

Məsələn, 44 günlük müharibədə Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) fəaliyyəti geniş şəkildə tanındı və yüksək qiymətləndirildi. Buna baxmayaraq, Azərbaycan döyüşlərdən dərhal sonra XTQ-nin şəxsi heyətini iki dəfə artırdı. Bununla kifayətlənməyərək, digər qurumların – Hərbi Dəniz Qüvvələrinin, Sərhəd Qoşunlarının, Daxili Qoşunların, Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidmətinin – xüsusi təyinatlı bölmələrinin də tərkibi genişləndirildi və gücləndirildi.

Azərbaycan 44 günlük müharibədə dronlardan mükəmməl şəkildə istifadə etdi. Rusiya Ukrayna müharibəsində dronlar xüsusi inkişaf səviyyəsinə gəlib çatdı. Azərbaycan İnsansız Sistem Qoşunları yaratmaqla bu sahənin vacibliyini ortaya qoymuş oldu. Ancaq bununla da yetinmək olmaz. İnsansız sistemlərin öyrədilməsinə orta məktəblərdən başlamaq lazımdır. Rusiya Ukrayna müharibəsində artıq hər manqa dronlardan istifadə edir. Hətta ölkədə dron yarışlarının keçirilməsini həyata keçirmək lazımdır.

Əvvəllər Azərbaycan ordusunun əsasını motoatıcı bölmələr təşkil edirdi. Ancaq dağlıq və mürəkkəb relyefli ərazilərdə aparılan döyüşlər göstərdi ki, bu struktur təkbaşına effektiv deyil. Bu səbəbdən, müharibədən sonra Azərbaycan ordusunda komando briqadalarının yaradılmasına start verildi. Qarabağda antiterror əməliyyatından əvvəl həyata keçirilən bəzi lokal əməliyyatlarda məhz bu yeni komando briqadalarından istifadə olundu. 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı zamanı da komando briqadaları döyüş təcrübəsi qazandı və praktiki sınaqdan keçdi.

Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrində yenilənməsi vacib olan sahələrdən biri döyüş təyyarələridir. 44 günlük müharibə zamanı MiQ-29 və Su-25 kimi sovet dövründən qalan təyyarələrdən effektiv istifadə olunsa da, onların texniki imkanları müasir döyüş şəraitinə tam cavab vermir. Buna görə də Azərbaycan artıq Pakistandan JF-17 döyüş təyyarələrinin alınması istiqamətində addımlar atıb. İddialara görə, Çin istehsalı olan J-10 və ya Rusiyanın Su-35 təyyarələrinin də alınması gündəmdədir. Müasir döyüşlərdə hava üstünlüyü strateji əhəmiyyət daşıdığından bu sahənin təkmilləşdirilməsi Azərbaycanın prioritet istiqamətlərindən biri olaraq qalır.

Ordunun yenilənməli olan digər sahəsi isə dəniz donanmasıdır. Hazırda Azərbaycan Hərbi Dəniz Qüvvələrinin balansındakı gəmilərin əksəriyyəti 1970-ci illərə aiddir və onların üzərinə müasir raket sistemlərinin inteqrasiyası mümkün deyil. Ölkənin əsas təhlükə mənbəyi uzun illər ərzində quru sərhədləri və işğal altında olan torpaqları olduğundan bu sahəyə yetərincə resurs ayrılmayıb. Lakin artıq təhlükəsizlik konsepsiyasının genişlənməsi, enerji infrastrukturlarının müdafiəsi və Xəzər dənizindəki maraqlar səbəbindən bu sahədə də islahatların aparılması qaçılmaz görünür. Son dövrlərdə bu istiqamətdə müəyyən addımların atıldığı da müşahidə olunur.

Ancaq dənizdən gələ biləcək təhdidlərin qarşısını almaq üçün sahil müdafiə raketləri ilə boşluğu aradan qaldırmaq mümkündür. İllər öncə rəsmi Bakının Rusiyanın sahil müdafiə raket kompleksi olan "Ball-E"ni əldə etmək istədiyi barədə məlumatlar yayılmışdı. Ancaq sonradan Azərbaycan tərəfi bunu təkzib etmişdi.

Azərbaycan İsrail istehsalı olan “Sea Breaker” qanadlı raketlərini əldə etməklə, hərbi texnologiyalarda növbəti strateji addım atmış oldu. Bu raketlər yüksək dəqiqliyə malik olmaqla yanaşı, 300 km-ə qədər mənzilə sahibdir. “Sea Breaker” raketləri uzun məsafələrə aşağı hündürlükdə uça bilir, radarlara minimal görünmə imkanına malikdir və yüksək dəqiqliklə hədəfləri vurmaq qabiliyyəti ilə seçilir.

Ən mühüm xüsusiyyətlərindən biri də raketin həm hərbi gəmilərdən, həm də yerüstü mobil sistemlərdən buraxıla bilməsidir. Gələcəkdə havadan atılma versiyası da planlaşdırılır ki, bu da onu çoxmənbəli tətbiq baxımından unikal edir.

“Sea Breaker” raketləri vasitəsilə hərbi gəmi (korvet, freqat, kater), liman infrastrukturu, radar və digər kritik obyektləri sıradan çıxarmaq mümkündür. Raket subsonikdir (səsdən aşağı sürətdə hərəkət edir), lakin uçuş hündürlüyündən asılı olaraq yüksək manevr qabiliyyətinə malikdir. Bu isə onun hava hücumundan müdafiə sistemlərini yarıb keçmək imkanlarını artırır. Əlavə olaraq, “Sea Breaker” süni intellekt dəstəyi ilə işləyən nadir raketlərdəndir. Bu texnologiya raketə real vaxtda qərarvermə və hədəf seçimi imkanı verir. Raket, həmçinin müasir A2/AD (Anti-Access/Area Denial – girişin və manevr imkanlarının məhdudlaşdırılması) konsepsiyasına tam cavab verir.

Kiçik ölçüsü, yüksək zərbə gücü və “ağıllı” texnologiyası ilə seçilən bu raketlər Azərbaycanın sahil mühafizə imkanlarını və dənizdəki qüvvə balansını gücləndirmək baxımından strateji əhəmiyyətə malikdir.

Ermənistan müharibədən sonra Fransadan “Sezar” haubitsaları alarkən, Azərbaycan adekvat olaraq öz nəslinin ən yaxşılarından olan DİTA haubitsalarını silahlanmasına daxil etdi. Bundan əlavə, “Nora” haubitsaları və “Peredator Havk” raketləri də Azərbaycan ordusunun arsenalına qatıldı.

Digər tərəfdən, Azərbaycan 122 mm “Akula” idarə olunan YARS raketlərini (40 km mənzil) əldə etdi. Türkiyədən “Akıncı” PUA-ları, İsraildən isə “Hero” dronları Azərbaycan ordusunun gücünü artırdı. Eyni zamanda, yerli istehsal olan “Vikinq” çoxfunksiyalı mobil hava hədəflərinə qarşı döyüş kompleksi də silahlanmaya daxil edilib. Bu mobil döyüş kompleksi barədə isə demək olar məlumat yoxdur.

Azərbaycanın hava məkanı post-sovet ölkələri arasında Rusiya və Belarusdan sonra ən yaxşı qorunan hava məkanıdır. Lakin Azərbaycan bununla kifayətlənmədi. Sərhəddən sərhədə qorunan hava məkanını daha da möhkəmləndirmək məqsədilə rəsmi Bakı ikinci müdafiə layı yaradaraq Çindən HQ-9B hava hücumundan müdafiə sistemləri aldı. Hava hücumundan müdafiənin gücləndirilməsi vacib amildir və bunun əhəmiyyətini Rusiya-Ukrayna münaqişəsində, xüsusilə İran-İsrail toqquşmalarında aydın gördük.

Hərbi paradla bağlı çoxsaylı tənqidlər eşitdik. Videoya özümü məcbur edib iki dəfə baxdım. Hansısa raket elan ediləndə ekranda başqa silah görünür, korpus komandiri təqdim ediləndə başqa şəxs ekranda olur, dron elan ediləndə başqa dron göstərilir, Orkestr o qədər pul verilən texnikalardan, aylardır məşqlərə cəlb edilən karopkalardan daha çox ekranda gözə batdı. Orkestrin bir dəfə görünməsi yetərlidir — bu, toy mərasimi deyil, a kişi.

Azərbaycanın bu addımları təkcə Ermənistan üçün deyil. Rəsmi Bakı ordunu gücləndirməkdə məqsədini həm dünyadakı proseslərə, həm də çətin coğrafiyada yerləşməyimizə əsaslandırır. Nəzərə almaq lazımdır ki, regionda yalnız qonşular — İran, Rusiya, Türkiyə deyil, ABŞ, Avropa İttifaqı, Çin və Hindistan kimi böyük dövlətlərin də maraqları mövcuddur. Parad həm də güc nümayişidir. Azərbaycan bu tədbirlə təkcə Ermənistana deyil, regionda maraqları olan bütün dövlətlərə mesaj verdi: heç kimə yem olmaq fikrində deyil və hər kəslə öz dilində danışmaq gücünə malikdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
adalet.az

2Mənbələr