"Zəfərimizin ədalətli xarakterini nəzərə alsaq, yəni Azərbaycan Respublikasının hərbi-siyasi qələbələri ilə regionda işğala və təcavüzə son qoyması, tam bərabərhüquqlu əməkdaşlıq mühitini ehtiva edən, sülhə və sabitliyə əsaslanan, beynəlxalq hüququn aliliyinin rəhbər tutulduğu konfiqurasiyanın formalaşması fonunda, heç şübhəsiz ki, bu hərbi parad yeni reallığın güc mərkəzi olan ölkəmizin artan qüdrətinin göstəricisi olmaqla bərabər, dünyaya sülh, sabitlik, qarşılıqlı etimad vəd edən çağırış kimi qiymətləndirilə bilər".
Bu sözləri Oxu.Az-a açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, bu prosesdə qardaş Türkiyə və Pakistan liderlərinin Azərbaycanı tək qoymaması və zəfər paradında iştirakı, əslində həmin dövlətlərin bu regionda sülhə və sabitliyə aparan konfiqurasiyanı dəstəklədiklərini göstərir:
"Sirr deyil ki, Azərbaycan Respublikası müharibənin ilk saatlarından hər iki qardaş dövlətin açıq bəyanatlarla ifadə olunan siyasi dəstəyini görüb və bu savaşın gedişatında Azərbaycana güc və diplomatik imkanlar açıb. Təbii ki, Azərbaycan Prezidenti də istər parad zamanı, istərsə də daha öncəki çıxışlarında bu nüansa dəfələrlə toxunaraq məmnunluq ifadə edib.
Bu gün, əgər Azərbaycanın beynəlxalq hüququn aliliyi şəraitində ümumbəşəri dəyərləri rəhbər tutaraq dünya xalqları ilə sülh və əmin-amanlıq şəraitində yaşamaq niyyəti, həmçinin beynəlxalq münaqişələrin həlli üsulu kimi, habelə digər dövlətlərin ərazi bütövlüyünə qəsd vasitəsi kimi müharibələri rədd etməsi fonunda, əminliklə deyə bilərik ki, üç dövlətin tərəfdaşlığı birmənalı şəkildə heç bir subyektə qarşı yönəlməyib, yalnız və yalnız daha təhlükəsiz bir dünya qurulmasına yönəlmiş birlik kimi çıxış edir.
Bu mənada, əmin şəkildə deyə bilərik ki, Azərbaycan, Türkiyə və Pakistanın hərbi, siyasi və digər sahələrdə tərəfdaşlığı bu bölgədə sülhün, təhlükəsizliyin qarant amillərindən biri kimi çıxış edir".
Deputatın sözlərinə görə, liderlərin də çıxışlarında ifadə olunan mövqedən görünür ki, bu tərəfdaşlıq yalnız bizim deyil, bütövlükdə bölgənin gələcək taleyində, region dövlətlərinin suverenliyinin, müstəqilliyinin qorunmasında, əməkdaşlıq mühitinin dərinləşməsində və etimad quruculuğu prosesində mühüm rol oynaya biləcək bir potensiala malikdir.