AZ

Kişi müəllimləri məktəbə necə qaytaraq?

"Müəllimə müqəddəslərə göstərdiyimiz ehtiramı göstərməliyik, səfirlərə verilən təhlükəsizlik və toxunulmazlığı həm də müəllimə verməliyik, deputata verilən əməkhaqqını müəllimə verməliyik".

Bunu "Cebhe.info"-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, bu gün müəllimlərin aldığı əməkhaqqı onların aylıq xərclərini ödəmir:

"Biz 1980-ci illərə nəzər salsaq görərik ki, bu rəqəm 50/50 vəziyyətindədir. Bəzi bölgələrimizdə isə kişi müəllimlərin say faizi daha üstün idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, ölkədə baş verən hadisələr, Qarabağ müharibəsi, iqtisadi çətinlik müəllim kimi fəaliyyət göstərən böyük sayda kişini bu sahədən uzaqlaşdırdı. 1995-ci ildən sonra ölkədə sabitlik yarandıqdan sonra da müəllimin əmək haqqının azlığı bu sahədən üz döndərən kişi müəllimlərin sayını azaltmadı.

Hazırda Bakıdakı orta məktəblərdə fəaliyyət göstərən müəllimlərdən 27 mini qadın, 3600-ü isə kişidir. Müəllimlərin məvaciblərinin azlığı kişi pedaoqların təhsil sahəsindən uzaqlaşmasına səbəb olur. İş o yerə çatıb ki, paytaxt məktəblərində hətta bədən tərbiyəsi və idman dərslərini də qadın müəllimələr tədris edirlər.

Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın kənd rayonlarında qadın müəllimlər yox dərəcəsində idi. Bu boşluğu doldurmaq üçün Rusiyanın müxtəlif bölgələrindən, eləcə də paytaxt Bakı şəhərindən yerlərə kütləvi şəkildə qadın müəllimlər göndərirdilər.

Müəllim kimi yeni işə başlayan gənc təbii ki, bu maaşla dolana bilməyəcəyinin fərqindədir və müəllimlik diplomunu bır kənara atıb, normal maaşlı iş axtarmağa məcbur olur.

Dünyanın bir çox inkişaf etmiş ölkələrində uşaq bağçalarında tərbiyəçi qadın yoxdur. Uşaqları yalnız kişilər tərbiyə edirlər. Kişilərin tədrisə və uşaqların tərbiyə prosesinə yanaşması isə fərqlidir. Bunu müxtəlif cür izah etmək olar. 

Qadınlar bu məsələdən inciməməlidirlər. Bu göstərici onların kişilərdən xarakter baxımından zəif olmaları və ya kişilərdən aşağı səviyyədə tədris etmələri kimi qəbul edilməməlidir. Dünyada bu proses belədir. Hansı ölkələrdə ki, kişilərin sayı qadınların sayından üstündür, bu təhsilin keyfiyyətinə müsbət mənada təsir edir".

Ekspert qeyd edib ki, sovetlər dönəmində müəllimin böyük güzəşt və imtiyazları var idi, müəllim nəqliyyat xərcləri də daxil olmaqla, digər kommunal ödənişlərdən azad idi:

"Müəllim dövlət büdcəsinin vəsaiti hesabına hər il istirahət mərkəzlərinə, sanatoriyalara göndərilirdi. Hazırda bir çox ölkələrdə müəllimin dövlətin kadr potensialının gücləndirilməsi, formalaşdırılmasında xidmətini nəzərə alaraq, yüksək əməkhaqqı ilə yanaşı, güzəşt və imtiyazlar saxlanılıb.

Hesab edirəm ki, bu sahəyə yenidən kişi müəllimlərin cəlb edilməsi üçün zəruri olan addımların önündə müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi dayanır. Bundan başqa dövlət büdcəsinin vəsaiti imkan vermir ki, müəllimin əməkhaqqı ciddi şəkildə artırılsın".

Kamran Əsədov müəllimlərə müəyyən imtiyazların verilməsinin vacibliyini vurğulayıb:

"Müəllim işıq, qaz, su kimi xərclərdən azad edilməlidir ki, aldığı az əməkhaqqını sosial rifahına yönəldə bilsin.

Bu gün müəllim gözünün işığını, sağlamlığını xalqın gələcəyinə sərf edir, ona ciddi şəkildə diqqət ayırmaq lazımdır. Azı hər altı aydan bir müəllimlərin pulsuz və yüksək səviyyədə tibbi xidməti həyata keçirilməlidir.

Cəbhəyanı ərazilərdə fəaliyyət göstərən müəllimlərin əməkhaqqı şəhərdə çalışanlarla müqayisədə iki dəfə çox verilməlidir. Çünki ölkədə fəaliyyət göstərən hər bir vətəndaşı yetişdirən, formalaşdıran müəllimdir".

Xatırladaq ki, Azərbaycanın 4 432 ümumtəhsil məktəblərində çalışan 149 602 müəllimin 71 %-ni xanımlar, 29 %-ni isə kişi müəllimlər təşkil edir.

Seçilən
264
27
cebheinfo.az

10Mənbələr