AZ

Ağdərədə köçkün ailə 5 gündür qazsız qalıb - “Soyuqda qalmışıq”

Ağdərənin Vəngli kəndinə yeni köçən sakinlər yaşayış şəraitindən narazılıq edirlər. Kənd sakinlərinin sözlərinə görə, bölgədə nə xəstəxana, nə market, nə də qaz idarəsi fəaliyyət göstərir.

News365.az-ın məlumatına görə, oktyabrın 9-da kəndə köçən ailələrdən biri bildirib ki, artıq 5 gündür qaz təchizatı yoxdur və bu səbəbdən soyuq havalarda uşaqlarla birlikdə çətin vəziyyətdə qalıblar.

“Biz Vənqgi kəndinə köçəndən bəri nə qaz, nə də digər xidmətlər normal işləmir. Artıq 5 gündür qazımız yoxdur, soyuqda qalmışıq. Aidiyyəti qurumlara dəfələrlə zəng etmişik, amma heç kim şikayətimizə baxmır. Atam Qarabağ əlili, Çernobil əlili və veteran olsa da, ona hörmətlə yanaşmırlar, sadəcə yola verirlər,” – deyə sakin bildirib.

Onun sözlərinə görə, qaz kartlarını aktivləşdirmək üçün Xankəndinə getmək tələb olunur, lakin oraya gediş üçün 85 manat nəqliyyat haqqı istənilir.

“Kənddə nə qaz idarəsi var, nə də yaxınlıqda xidmət göstərən müəssisə. Deyirlər kartı Xankəndinə aparın. Biz öz pulumuzla qaz alırıq, amma kart sistemi düz işləmir. Azyaşlı uşaqlarla soyuqda qalmaq çox çətindir,” – şikayətçi əlavə edib.

Sakinlər aidiyyəti qurumlardan problemin həllini, kənddə qaz təminatının və əsas xidmətlərin bərpasını tələb edirlər.

Seçilən
21
news365.az

1Mənbələr