AZ

Hüquq və azadlıqlar ölkəmizin bütün suveren ərazilərində tam şəkildə təmin edilir

ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunan Konstitusiyamız müasir dünyanın sivil dəyərlərinə və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə əsaslanır.

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın dövlət müstəqilliyinə dair Konstitusiya Aktında Konstitusiyanın hazırlanmasına nəzərdə tutulsa da, müstəqilliyimizin ilk illərində bu istiqamətdə heç bir addım atılmadı. Həmin illərdə ölkəmizdə siyasi hakimiyyətdə olan təsadüfi şəxslərin dövlət idarəçiliyi ilə bağlı heç bir təcrübələri yox idi. Bu da dərin siyasi-iqtisadi böhranın yaranmasına, ölkəmizin yenicə bərpa olunmuş müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşməsinə səbəb oldu.

Xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin ölkəmizi bu ağır bəlalardan xilas etdi. Ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu istiqamətində qətiyyətli addımlar atıldı. Ulu Öndərin dərin siyasi zəkası, idarəçilik təcrübəsi və prinsipial mövqeyi sayəsində parçalanmaq təhlükəsi ilə üzləşmiş Azərbaycan qısa müddətdə vahid siyasi iradə ətrafında birləşdi. Dövlət institutlarının fəaliyyəti bərpa edildi, ordu quruculuğuna başlanıldı, sosial-iqtisadi islahatlar həyata keçirildi. Təbii ki, ölkənin hüquqi əsaslarının möhkəmləndirilməsi istiqamətində atılan ən mühüm addımlardan biri müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması oldu.

Bu gün Azərbaycanda hökm sürən iqtisadi-siyasi sabitliyin, dayanıqlı tərəqqinin və ictimai həmrəyliyin etibarlı təminatçısı olan Konstitusiyamız ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik  və qətiyyətli rəhbərliyi ilə ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin edən Azərbaycan bütün sahələrdə, o cümlədən hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətlərində böyük nailiyyətlərə imza atıb. 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri zamanı qazanılan şanlı zəfərlər nəticəsində bu gün Əsas Qanunumuzda təsbit olunmuş hüquq və azadlıqlar ölkəmizin bütün suveren ərazilərində tam şəkildə təmin edilir və tətbiq olunur.

Şahin İsmayılov 

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
modern.az

2Mənbələr