Qaynarinfo saytına istinadən ain.az xəbər verir.
"Rusiyanın siyasətində gözlənilməz gedişlər çoxdur. Amma istənilən anda istənilən şəxs qurban verilə bilər. Lavrov da bunun üçün gözəgəlimli fiqurlardan biri olub".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovun vurulması ehtimalını şərh edərkən deyib.
"Putin Amerika ilə açılmış şansları əldən vermək istəməz. Lavrov isə Amerika rəhbərliyini qıcıqlandıran açıqlamalar verdi. Amma o da həmin fikirləri ümumi ruhdan kənar verə bilməzdi", deyə Arif Əliyev qeyd edib.
Həmsöhbətimiz düşünür ki, Lavrov istefaya göndərilsə, Rusiyanın siyasətində müəyyən korrektələr olacaq:
"Onun fəaliyyəti nələrdəsə yanlışlıqların yaranmasına səbəb hesab ediləcək və belədə xarici siyasətdə bəzi korrektələr olacaq. Digər hallarda isə Lavrov öz işinin öhdəsindən gəlir. Belə bir istefa baş verərsə, bu siyasi müstəvidə də hansısa dəyişikliklərin olması demək olacaq".

Qeyd edək ki, son zamanlar Rusiyanın xarici işlər naziri Sergey Lavrovun vəzifəsindən uzaqlaşdırılacağı ilə bağlı fikirlər geniş yayılmağa başlayıb.
Vaşinqtondakı Amerika Xarici Siyasət Şurasının baş vitse-prezidenti və Yaxın Şərq, Orta Asiya və Rusiyada regional təhlükəsizlik üzrə ekspert İlon Berman hesab edir ki, Lavrovun Putinin gözündən düşməsinə bir mühüm hadisə səbəb olub.
Belə ki, Lavrov son günlərdə bir sıra yüksək səviyyəli tədbirlərdə iştirak etməyib. Diplomat guya "qarşılıqlı razılaşma əsasında" Rusiya Təhlükəsizlik Şurasının 5 noyabr iclasına qatılmayıb. Bildirilir ki, o həmçinin noyabrın sonlarında Cənubi Afrikada keçiriləcək G20 sammitində Rusiya nümayəndə heyətindən kənarlaşdırılıb.
Berman əlavə edib ki, Lavrov avqust ayında Alyaskada Amerika liderilə Putin arasında keçirilən sammitdən sonra Tramp administrasiyası ilə danışıqlar apara bilməyib. Bu isə, iki liderin Macarıstanda keçirilməsi planlaşdırılan Budapeşt görüşünün ləğvinə səbəb olub. Həmin vəziyyət isə Putinin ABŞ-ı Ukraynaya qarşı müharibədən uzaq tutmaq strategiyasını təhlükə altına alıb. Ekspert vurğulayıb ki, bu ssenarilərin baş verməsinin qarşısını almaq Rusiya xarici işlər nazirinin əsas prioriteti olub. Lakin məlum olur ki, Lavrov bu vəzifənin öhdəsindən gələ bilməyib.
Rüfət Sultan
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.