AZ

Azərbaycan “İbrahim Sazişi”nə qoşulacaq?

Azərbaycan hökuməti regionda strateji mövqeyini gücləndirmək və diplomatik əlaqələrini genişləndirmək məqsədilə “İbrahim Sazişi”nə qoşulma imkanlarını nəzərdən keçirir. Hələlik bu addım rəsmi olaraq həyata keçirilməsə də, mütəxəssislər onun siyasi, iqtisadi və təhlükəsizlik baxımından ölkə üçün mühüm əhəmiyyət daşıya biləcəyini bildirirlər.

Mövzu ilə bağlı politoloq Tamilla Qulamo öz fikirlərini News365.az-a bildirib. 


"Azərbaycanın sözügedən sazişə qoşulması ölkə üçün təkcə siyasi deyil, həm də iqtisadi və təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıya bilər. Bu addım Azərbaycanın regional nüfuzunu artırmaqla yanaşı, yeni investisiya layihələrinin açılması, texnologiya və müdafiə sahəsində əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yarada bilər.

Bu saziş Azərbaycanın strateji maraqlarını gücləndirəcək və region ölkələri arasında balanslaşdırılmış siyasətin formalaşdırılmasına töhfə verəcək. Azərbaycanın belə bir prosesə qoşulması həm də bölgədə kommunikasiya və nəqliyyat layihələrinin reallaşdırılmasına əlavə stimul ola bilər.

Gələcəkdə Azərbaycanın bu sazişdə iştirakı Ərəb dövlətləri ilə İsrail arasındakı münasibətlərin normallaşmasına katalizator ola bilər. Bu prosesdən ən çox faydalanan ölkələrdən biri Azərbaycanın olması ehtimalı yüksəkdir, çünki regionda siyasi sabitlik və açıq əməkdaşlıq mühiti Bakının həm iqtisadi, həm də geosiyasi maraqlarına xidmət edir.

Bütün bunlar göstərir ki, Azərbaycanın bu sazişə qoşulması yalnız diplomatik addım deyil, həm də uzunmüddətli strateji qazanc və yeni regional əməkdaşlıq mərhələsinin başlanğıcı ola bilər."

Seçilən
26
news365.az

1Mənbələr