AZ

Xalqın iradəsini ən yüksək səviyyədə ifadə edən Konstitusiyamız

Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Ulu Öndər Heydər Əliyevin qətiyyət və ləyaqətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı hüquqi, dünyəvi dövlət quruculuğuna doğru yönəltdi. 1995-ci ilin mayında Onun sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın hazırladığı əhatəli Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi. Onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.

Bəli, bunun nəticəsində keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. Belə ki, 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.

Ölkəmizin Ali Qanunu cəmiyyətimizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Prezident Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavə və dəyişikliklər edilib. 29 maddəyə edilən əlavə və dəyişikliklər ölkəmizdə demokratiyanın daha da genişlənməsinə, xalqın dövlət idaretməsində yaxından iştirakı na yeni imkanlar yaradırdı.

Bəli, Azərbaycanın ilk Konstitusiyasının qəbulu ölkənin inkişafında tamamilə yeni mərhələnin başlanğıcının qoyulmasının göstəricisi idi. Bu mərhələ öz növbəsində siyasi sistemin mərkəzində insan hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideyalarının olması ilə səciyyələnir. Müəllifi Ulu Öndər Heydər Əliyev olan Əsas Qanunda müasir cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyən edən dəyərlər geniş şəkildə əks olunmuşdur. Belə ki, dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquq və azadlıqlarının effektiv müdafiə mexanizmlərinin mövcudluğu, hakimiyyət bölgüsünün təmin edilməsi, sosial ədalətə nail olmaq, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması kimi və digər mühüm müddəalar Konstitusiyada öz əksini tapmışdır. Bu sənəd heç bir ayrı- seçkiliyə yol vermədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu olması təsdiq edilib və qeyd olunub ki, ölkədə kişi ilə qadının eyni hüquq və azadlıqları vardır. Bununla da, demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüquqi bazası yaradılıb. Bu isə öz növbəsində ictimai-siyasi həyatımızın bütün sferalarında gender siyasətinin güclənməsinə gətirib çıxarmışdır. Hüquq bərabərliyi  bir sıra məcəllələrlə, o cümlədən Ailə, Mülki, Əmək, Cinayət, İnzibati Xətalar Məcəllələr ilə və  digər qanunlarla təsbit olunmuşdur. Ümumiyyətlə, Azərbaycan Respublikası Konstitusiyasının təxminən üçdə biri (24-71-ci maddələr) məhz birbaşa insan hüquq və azadlıqlarının təsbitinə və qorunmasına həsr olunmuşdur. «Əsas insan və vətəndaş hüquqları və azadlıqları» adlanan III fəsil məhz bu barədədir. Orada insanlara doğulduğu andan mənsub olan toxunulmazlıq, pozulmaz və ayrılmaz hüquq və azadlıqların hər biri ətraflı şərh edir, onların reallaşdırılmasına təminat verir, müdafiəsi təsbit olunur.

Bu sənədin əsas dəyəri ondan ibarətdir ki, məzmunca xalqın iradəsini ifadə edir, Azərbaycan dövlət quruluşunun təsisatını, hüquqi əsaslarını göstərir. Azərbaycanda dövləti idarəetmənin prinsiplərini, dövlət və xalq arasında münasibətləri əks etdirir, hüquqi, demokratik dünyəvi dövlətin qurulması üçün bütün hüquqi əsasları yaradır. Konstitusiya mahiyyətcə ölkənin tam müstəqilliyini, ərazi bütövlüyünü, Azərbaycan xalqının, vətəndaşlarının hər birinin hüquqlarının toxunulmazlığını, respublikamızın bölünməzliyini, hakimiyyətin heç bir qüvvə tərəfindən mənimsənilə bilməzliyini təmin edir.

Müsbət haldır ki, xalqımız Əsas Qanunun qəbulunun 30-cu ildönümünü qalib xalq kimi ikiqat sevinc hissi ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbənin qazanılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaratdı.

İsmayıl İbrahimov,

YAP Hacıqabul rayon təşkilatının sədri

Seçilən
20
ikisahil.az

1Mənbələr