AZ

Ailələr dağılır, boşanmalar isə rekord həddə çatır Sosioloqdan xəbərdarlıq

ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Prezident Rəcəb Tayyib Ərdoğan, Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə verdiyi açıqlamada Türkiyədəki əhali artım sürətinə diqqət çəkib: “Hazırda doğum artım sürətimiz 1,7-dir. Bu, intihar deməkdir. Bu problemi həll etməliyik.”

Ərdoğanın bu sözləri, ölkənin gələcəyi ilə bağlı ciddi demoqrafik təhlükəyə işarə kimi dəyərləndirilir. Rəsmi məlumatlara görə, Türkiyə Statistika Qurumunun (TÜİK) doğum göstəricilərindəki azalma tendensiyası davam edərsə, ölkə əhalisi 2100-cü ilə qədər 55 milyonun altına düşəcək. Üstəlik, bu əhalinin əksəriyyətini yaşlılar təşkil edəcək.

2023-cü ilin göstəricilərinə əsasən, Türkiyənin 81 vilayətindən 71-də doğum səviyyəsi əhalinin özünü yeniləmə həddi olan 2,1-dən aşağıdır; 51 vilayətdə isə bu göstərici 1,5-dən də azdır.

Mütəxəssislər xəbərdarlıq edir: əgər bu meyl dəyişməzsə, yaxın gələcəkdə ölkədə fabriklərdə işləyəcək, orduda xidmət edəcək gənc tapmaq çətinləşəcək və Türkiyə demoqrafik baxımdan tənəzzül dövrünə qədəm qoyacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əhali artım tempinin azalması ilə bağlı sərt xəbərdarlığı təkcə qardaş ölkənin gələcəyi üçün deyil, regionun ümumi demoqrafik mənzərəsi üçün də ciddi siqnal sayılır. Əslində, analoji tendensiya Azərbaycanda da müşahidə olunur, doğum səviyyəsinin azalması, ailə modelində dəyişikliklər və gənc əhali payının tədricən daralması ölkəmizin də sosial-iqtisadi sabitliyinə uzunmüddətli təsir göstərə bilər. Bu baxımdan, Türkiyənin demoqrafik narahatlığı həm də Azərbaycan üçün düşünməyə əsas verən, ortaq sosial-siyasi çağırışların bir göstəricisidir.

"Sherg.az" xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev ötən günlərdə bu məsələ ilə bağlı parlamentdə çağırış edib. Deputat Azərbaycanda demoqrafik inkişafla bağlı dövlət proqramının qəbuluna ehtiyac olduğunu vurğulayıb. 

Komitə sədri bildirib ki, demoqrafik vəziyyətə bütün dünyada ciddi problemə çevrilib: “Bütün dünyada uşaq doğumu azalır, yaşlı insanların sayı artır. Bu tendensiya Azərbaycanda da müşahidə olunmaqdadır. 10-15 ildən sonra əmək bazarında problemin yaranması ilə qarşılaşa bilərik. İndidən demoqrafik inkişafla bağlı dövlət proqramı qəbul etməliyik. Bu gənc nəslin sayında azalma problemləri ilə üzləşməməyimiz üçün vacibdir”.

Sağlam Cəmiyyət Hərəkatının sədri Elçin Bayramlı isə hesab edir ki, gedişat bu cür davam edərsə, yaxın onilliklərdə əhalinin sayı sürətlə azalacaq, yaşlı əhali payı artacaq və nəticədə Azərbaycan xalqı demoqrafik cəhətdən məhv olma təhlükəsi ilə üz-üzə qalacaq: 

“Son 10–15 ildə doğumun azalması təhlükəli həddə düşüb. Sovet dövründə, 1990–1991-ci illərdə respublikada təxminən 200 min uşaq doğulurdu və əhali 7 milyon idi. Bu, hər 1 milyon nəfərə 30 min uşaq demək idi. İndi isə 10 milyon əhaliyə cəmi 100 min uşaq doğulur, yəni hər 1 milyon nəfərə 10 min uşaq. Doğumun üç dəfə azalması dünya miqyasında misilsiz fəlakətdir. Hətta əhalisi azalan Avropa ölkələrində belə bu dərəcədə azalma müşahidə edilmir. Azalmanın əsas səbəbləri sosial-iqtisadi problemlərlə – evsizlik, işsizlik, maddi çətinlik, gəlir bərabərsizliyi və həyat tərzinin ifrat şəkildə maddiləşməsi ilə bağlıdır. Bu amillər təxminən 90% təsir göstərir. Qalan 10% isə ailə və milli-mənəvi dəyərlərin deqradasiyası ilə əlaqədardır.

Ailə qurulması və çoxuşaqlılıq səviyyəsi kəskin şəkildə aşağı düşüb, boşanmalar isə rekord həddə çatır – hər iki ailədən biri dağılır. Aidiyyəti qurumlar tərəfindən çoxuşaqlı ailələrin dəstəklənməsi üçün real proqram yoxdur. Halbuki dünyanın demoqrafik azalması olmayan ölkələrində belə ailə və doğuma dair sosial dəstək paketləri mövcuddur. Bir çox ölkələrdə ailə qurulmasına görə birdəfəlik yardım, hər uşaq üçün aylıq müavinətlər, üç və daha çox uşağı olan ailələrə əlavə güzəştlər, ev və torpaq sahələri kimi stimullaşdırıcı tədbirlər həyata keçirilir. Bu tədbirlər sayəsində həmin ölkələr azalma prosesinin qarşısını müəyyən dərəcədə ala bilirlər”.

Sosioloqun sözlərinə görə, Azərbaycanda dəstək mexanizmlərinin olmaması vəziyyəti daha da ağırlaşdırır:

"Strateji valyuta ehtiyatları toplanır, lakin bu vəsaitlər əhalinin artan sosial və demoqrafik problemlərinin həllinə yönəldilmir. Problemin qarşısını almaq üçün təcili olaraq ailə, doğum və gənclərin sosial rifahını dəstəkləyən genişmiqyaslı proqramlar hazırlanmalı və həyata keçirilməlidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
sherg.az

1Mənbələr