AZ

“Yarimçiq qalmiş roman” və tamamlanmiş zaman

Xalq qazeti saytına istinadən ain.az xəbər verir.

Şair, publisist, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elxan Yurdoğlu çoxşaxəli yaradıcılığı ilə bu gün təkcə muxtar respublikada deyil, Azərbaycanımızın paytaxtında və onun bir sıra bölgələrində, eyni zamanda qardaş Türkiyədə elmi və ədəbi ictimaiyyətə yaxşı məlumdur. 

Həmkarım, 15 ildən artıq bir dövrdə iş yoldaşım və ən əsası yaxın dostum olduğu üçün Elxan müəllimin elmi və ədəbi yaradıcılığına, ictimai fəaliyyətinə yaxşı bələdəm.  “Yarımçıq qalmış roman” adlı yeni kitabı ilə daha yaxından tanış olduqdan sonra  haqqında resenziya yazıb onun məzmununu, həmçinin təəssüratımı mətbuatda geniş oxucu kütləsilə paylaşmaq qərarına gəldim.

“Yarımçıq qalmış roman” 2020-ci ildə 44 günlük Vətən Müharibəsində öz şirin canları, axıtdıqları qanları ilə, göstərdikləri rəşadətlə  işğal altında olan torpaqlarımızı azadlığa qovuşduran 3000-dən artıq qəhrəman şəhidlərimizdən birinə – leytenant Nicat Məmmədliyə ithaf olunmuşdur. 

1999-cu il iyul ayının 31-də, Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində doğulan Nicat Rizvan oğlu Məmmədli orta təhsilinə Culfa Şəhər 2 nömrəli Tam Orta Məktəbində başlamış, 2016-cı ildə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə başa vurmuşdur.  Həmin ildən Ulu öndərin adını daşıyan Azərbaycan Ali Hərbi Məktəbinin də kursantı olaraq 4 il burada mükəmməl, yüksək hərbi biliklərə yiyələnən Nicat Məmmədli 2020-ci il ilin iyun ayında, leytenant rütbəsilə bu ali təhsil ocağının məzunu olmuşdur. Həmin vaxtdan təyinatla Ağdam rayonunun Xındırıstan kəndində yerləşən hərbi hissədə işə başlamışdır.

2020-ci il sentyabrın 27-də işğal edilmiş ərazilərimizin azad olunması və müstəqil respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda başlanan İkinci Qarabağ – Vətən Müharibəsinin ilk günündən leytenant Nicat Məmmədli də cəbhənin ön mövqelərindən birində, Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərə qatılmışdır. 

Suqovuşanın oktyabrın 3-də azad olunmasında fəal iştirak edən Nicat bundan sonra ərazidəki yüksəkliklərin düşməndən alınması uğrunda davam edən ağır və şiddətli döyüşlərin birində, oktyabrın 8-də misilsiz qəhrəmanlıq nümayiş etdirərək həlak olub – özünü partlama ərəfəsində olan qumbaranın üzərinə ataraq ətrafındakı 30 nəfər döyüş yoldaşının həyatını xilas etmək naminə şəhidlik zirvəsinə ucalıb.

Oktyabr ayının 12-də, Şəhid-leytenant Nicat Məmmədlinin nəşi Naxçıvan Beynəlxalq Aeroportunda dövlət səviyyəsində qarşılanaraq doğma Culfa şəhərinə aparılmış və burada böyük bir izdihamla  dəfn edilmişdir.

İlk sərlövhədə yazıldığı kimi: “Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş bütün Vətən sevdalılarının əziz xatirəsinə sonsuz ehtiramla” işləyən müəllif mən deyərdim ki, bütün varlığı ilə – təbbi hisslərini, dərin düşüncəsini, əsil vətəndaş mövqeyini, yaradıcı təxəyyülünün bütün imkanlarını böyük yanarlıqla ortaya qoymaqla nakam, qəhrəman şəhidimiz haqqında belə bir dəyərli kitabı ərsəyə gətirmişdir.

Kitab Nicatın ilk körpəlik və döyüş formasındakı son şəklinə qədər ömür yolunu əks etdirən fotolarla zəngin olmaqla yanaşı, maraqlı bölmələrilə də diqqəti cəlb edir. Kitabın son 3 bölməsi haqqında bir neçə kəlmə demək istərdim. “Şeirlərin şəhdi Şəhid” bölməsində Nicat Məmmədliyə həsr olunmuş 13 şeir çap olunub. İlk olaraq Elxan Yurdoğlunun “Vətən nicata çatdı” şeirilə başlayan bu poetik nümunələrdən 5-i Nicatın anası Minayə xanıma məxsusdur. Şəhid anasının daxili fəryad və iztirablarının köçdüyü o misraları qəhərsiz oxumaq mümkün deyil. “Yenə gözüm yolda qalıb” şeirində ana yazır:

Çox məşhur bir bağban oldun,

Dərd ağacı əkib getdin.

Çox məşhur bir rəssam oldun,

Sinəmə dağ çəkib getdin.

“Leytenant Məmmədli Nicatın iş dəftəri” bölməsində həmin iş dəftəri bütövlüklə kitaba daxil edilib. Bu iş dəftərində Nicatın dünyagörüşü, maraq dairələri, məlumatlılıq səviyyəsi, dünyanın yeniliklərilə bağlı xəbərdar olması, kitablara olan marağı, ayrı-ayrı sahələrə olan sevgisi özünü göstərir...

Kitabın sonuncu bölməsi “Şəhid anasından cənnətə məktub” adlanır.  Şəhid anası Minayə xanımın oğlu Nicata ünvanladığı məktubdan ürəkgöynədən bəzi sətirlər: “Canım oğlum, dünyaya göz açmağınla həyatıma işıq saçanım! Bu dünyadan cənnətə getməyinlə işıqlı dünyamı qaranlıq edənim!... Sən Vətəni, torpağı bizdən üstün tutdun. 30-a yaxın ananın göz yaşlarını da mənə verib getdin!” 

Məktubunda Minayə xanım “Anan qurban, səndən sonra o arzunu da yerinə yetirdik” yazır. Nicatın o arzusu barədə qısa məlumat vermək yerinə düşər. Bu barədə kitabın 188-ci səhifəsində yazılıb: “Nicatın dostu Nazimə votsapdan göndərdiyi bir səs var. O səsdə Nicat  sanki vəsiyyət edərək deyir ki: “Mənə nəsə olsa, kitablarımı sənə bağışlayıram, fotoaparatımı qardaşıma verərsiz, telefonumu isə satıb pulunu uşaq evinə bağışlayarsız...”

Telefonunun dəyərində, yüksək məbləğdə pul Naxçıvan Şəhər Körpələr Evinin hesabına köçürülmüşdür. Həmin gün Nicatın valideynləri Rizvan müəllim və Minayə xanım uşaqların ziyarətinə getmiş, onlarla vaxt keçirərək öz övladlarının vəsiyyətini yerinə yetirmişlər. 

Kitabın adı da oxucuda maraq oyadır. Niyə “Yarımçıq qalmış roman”? Bəli, bu ad iki məna daşıyır. Həm Şəhidimizin taleyinə qismət olan yarımçıq bir həyat romanı, həm də Nicat Məmmədlinin özünün hamıdan gizli şəkildə qələmə aldığı və çox təəssüf ki, tamamlaya bilmədiyi və hələ də yeri bilinməyən yarımçıq roman. Bu romanında müəllif nədən bəhs edirmiş, onun qəhrəmanları kimlər imiş, hadisələr hansı dövrdə və hansı məkanda cərəyan edirmiş? Həmin yarımçıq roman tapılmayınca, bu suallara da cavab tapılmayacaq.

Şəhid-leytenant Nicat Rizvan oğlu Məmmədli ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü”, medalları ilə və nəhayət, bir ildən sonra “III dərəcəli “Rəşadət” ordenilə təltif edilmişdir.

Yazdığı romanı yarımçıq qalsa da, taleyinə yazılmış ömür zamanını mərdliklə tamamlayan Nicat Məmmədlinin nə Birinci, nə də İkinci Qarabağ müharibələrində görünməmiş, misilsiz və təkrarolunmaz qəhrəmanlığı təəssüf ki, gecikmiş və dəqiq, ətraflı məlumat verilmədən hazırlanmış təqdimat ucbatından layiq olduğu qiymətini ala bilməmişdir.

Ümidvarıq ki, “Yarımçıq qalmış roman” kitabının respublikamızda geniş miqyasda tanıdılması və lazımi səviyyədə təbliğ olunması sayəsində Vətən Müharibəsinin qəhrəman Şəhid-leytenantı Nicat Məmmədlinin də yarımçıq qalmış təltifi layiqincə tamamlanacaqdır.

  

Ələkbər Qasımov,

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
1
xalqqazeti.az

2Mənbələr