AZ

İmamoğlu haqda 3 900 səhifəlik iddianamə 2 430 ilədək həbs tələbi

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində İstanbul Cumhuriyyət Baş Prokurorluğu “İmamoğlunun gəlir məqsədli cinayət təşkilatı” adlı araşdırmanı yekunlaşdırıb.

“Qafqazinfo” “TRT haber”ə istinadən xəbər veirr ki, nəticədə 105-i həbsdə, 5-i həm zərərçəkmiş, həm də şübhəli olmaqla ümumilikdə 402 nəfər barəsində 3 900 səhifəlik iddianamə hazırlanıb.

Prokurorluq tərəfindən hazırlanan sənəddə sabiq İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Ekrem İmamoğlu “təşkilatın qurucusu və rəhbəri” kimi göstərilib. O, “cinayət təşkilatı yaratmaq”, “rüşvət almaq”, “tenderlərə müdaxilə etmək”, “dövlət qurumlarını aldatmaq”, “cinayət yolu ilə əldə edilmiş gəlirləri yumaq” və “şəxsi məlumatların qanunsuz yayılması” kimi çoxsaylı maddələr üzrə ittiham olunur.

Bu ittihamlar əsasında prokurorluq İmamoğlu üçün 2 430 ilə qədər həbs cəzası istəyib.

İddianamədə İmamoğlunun 12 dəfə rüşvət alma, 7 dəfə cinayət gəlirlərini yuma, 7 dəfə dövlət qurumlarını aldatma və 70 dəfə tenderlərə qanunsuz müdaxilə etmə halları üzrə məsuliyyət daşıdığı iddia olunur. Bundan başqa, 47 rüşvət əməli, 9 vəzifə səlahiyyətlərindən sui-istifadə hadisəsi və bir sıra ətraf mühitə zərər vurma, meşə və mədən qanunlarına zidd fəaliyyətlər də qeyd edilir.

Prokurorluq bəyan edib ki, araşdırma nəticəsində 160 milyard türk lirəsi və 24 milyon ABŞ dolları həcmində dövlət zərəri müəyyən olunub.

İddianamədə İmamoğlu ilə yanaşı Fatih Keleş, Murat Ongun, Ertan Yıldız, Murat Gülibrahimoğlu, Adem Soytekin və Hüseyin Gün təşkilatın rəhbərləri kimi təqdim olunublar. Ümumilikdə 99 nəfərin “təşkilat üzvü”, 92 nəfərin isə “yardımçı” statusunda olduğu qeyd olunur.

Sənəddə qeyd olunur ki, təşkilat 2014-cü ildən bu günə qədər müxtəlif yollarla qanunsuz gəlirlər əldə edib.

İddianamə İstanbul Ağır Cəza Məhkəməsinə təqdim edilib. Məhkəmə iddianaməni qəbul etdikdən sonra ilkin dinləmələrin tarixi müəyyən ediləcək. Eyni zamanda, bəzi şübhəlilər barəsində istintaqın davam etdiyi bildirilib.

Qeyd edək ki, İmamoğlu və yaxın çevrəsindən hələlik ittihamlara reaksiya verilməyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
qafqazinfo.az

1Mənbələr