AZ

Venesuela ABŞ-nin hücumu xəbərləri fonunda partizan müqavimətinə hazırlaşır

Reuters: Karakas köhnə rus silahları ilə silahlanaraq əhalini səfərbər edir və “xaos planı” üzərində işləyir...

Poliqon xəbər verir ki, Venesuela ordusu ABŞ tərəfindən mümkün hərbi hücuma qarşı partizan mübarizəsi və “xaos yaratmaq” planı hazırlayır. Reuters Agentliyinin hökumətə yaxın mənbələrə və əldə olunan sənədlərə istinadən verdiyi məlumata görə, ölkə rəhbərliyi uzun illərdir istifadə olunan rus istehsalı silahları da daxil olmaqla, müxtəlif hərbi texnikanı yenidən döyüş hazırlığı vəziyyətinə gətirir.

Mənbələrin bildirdiyinə görə, Venesuela ordusu ABŞ-ın hava və ya quru əməliyyatına cavab olaraq “asimmetrik müharibə” konsepsiyasını tətbiq etmək niyyətindədir. Bu strategiya klassik ordular arasında açıq toqquşma deyil, dağlıq və şəhər ərazilərində partizan müqavimətini nəzərdə tutur. Planın əsas məqsədi hücum edən qüvvələri zəiflətmək, təchizat xətlərini pozmaq və ölkə daxilində qarışıqlıq yaratmaqdır.

Bu yanaşma dolayısı ilə Venesuela Silahlı Qüvvələrinin həm canlı qüvvə, həm də müasir texnika baxımından çatışmazlıqlarını etiraf edir. Ordunun hazırkı arsenalı əsasən sovet və rus mənşəlidir — “Kalashnikov” avtomatları, “T-72” tankları və “Su-30” qırıcı təyyarələri. Lakin bu texnikanın bir çoxu köhnəlib və texniki xidmət imkanları məhduddur.

ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl Karib dənizində narkotik ticarəti ilə əlaqələndirilən gəmilərə qarşı hava və dəniz əməliyyatlarından sonra “növbəti mərhələnin quruda ola biləcəyini” istisna etməmişdi. Bu bəyanat Venesuelada narahatlıq yaradıb və hökumət mümkün ssenarilərə cavab strategiyasını aktivləşdirib.

Bununla belə, Tramp daha sonra bəyan edib ki, ABŞ “Venesuela ərazisinə birbaşa zərbələr endirməyi” hazırda nəzərdən keçirmir. Lakin regiondakı ABŞ qüvvələrinin sayının artırılması və kəşfiyyat uçuşlarının intensivləşməsi Karakasda vəziyyətin ciddi qəbul olunduğunu göstərir.

Reuters yazır ki, prezident Nikolas Maduronun komandası mümkün müharibə planlarını “milli müqavimət konsepsiyası” adlandırır. Bu plan çərçivəsində yerli milis dəstələrinin formalaşdırılması, əhalinin silahlandırılması və strateji ərazilərdə gizli anbarların yaradılması nəzərdə tutulur.

Ekspertlərin fikrincə, bu addımlar həm də siyasi xarakter daşıyır — hökumət daxili birliyi möhkəmləndirmək və ABŞ-ın təzyiqlərinə qarşı milli həmrəyliyi nümayiş etdirmək istəyir.

Poliqon.info

Seçilən
33
poliqon.info

1Mənbələr