Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" tipli hərbi təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı ilkin versiyalar məlum olub.
“Yeni Sabah”ın özəl mənbələrdən əldə etdiyi xəbərə görə, ilkin versiyalara əsasən, təyyarənin qəzaya uğramasının iki mümkün səbəbi var:
Birinci versiyaya görə, təyyarə uzun müddətdir xidmətdədir və sonuncu dəfə 2020-ci ildə əsaslı təmirdən çıxıb. Korroziya nəticəsində gövdədə deşilmə baş verə bilər. Bir müddət əvvəl ABŞ-da eyni tipli təyyarə də məhz bu səbəbdən qəzaya uğramışdı.
İkinci versiyaya əsasən, yüklər lazımi qaydada bərkidilmədiyi üçün uçuş zamanı yer dəyişməyə başlayıb. Bu halda, tərpənən yük gövdənin daxili səthlərinə çırpılaraq onun zədələnməsinə və nəticədə konstruksiyanın bütövlüyünün pozulmasına səbəb ola bilərdi.
Qara qutuların tapılması çətin olmayacaq — təyyarə düz əraziyə düşüb, dağlıq və ya meşəlik əraziyə yox — buna görə də yaxın zamanda bütün detallara aydınlıq gətiriləcək.
Eyni zamanda bildirilir ki, təyyarə Gəncə hava limanında cəmi iki saat gözləmədə olub. Gözləmə zamanı hər hansı kənar müdaxilə və ya təyyarəyə yaxınlaşma halı qeydə alınmayıb. Təyyarənin sərnişinləri Hərbi Paradda iştirak edən F-16 təyyarələrinə texniki xidmət göstərən personal idi. Onlar da təhlükəsizlik prosedurlarından keçdikdən sonra təyyarəyə daxil olublar.
Təyyarə yük kimi F-16-ların mexaniki ehtiyat hissələrini daşıyırmış, heç bir partlayıcı maddə təyyarədə olmayıb.
Həmçinin ilkin baxış nəticəsində demək olar ki, təyyarədə kənar müdaxilə izləri yoxdur. Məsələn, AZAL təyyarəsi vurulduğu zaman gövdədə dərhal deşiklər görünürdü, lakin bu hadisədə belə izlər müşahidə edilmir.
İstintaq Gürcüstan və Türkiyə tərəfindən aparılır, Azərbaycan isə qardaş Türkiyəyə ilk andan tam dəstək göstərir. Bu da qardaşlığımızın daha bir nümunəsidir.
Telegram kanalımız