AZ

Şimal-Cənub yolunun Şərq qolu “Azərbaycanın acığına” işə salındı...


Firdovsi Şahbazov: “Sözügedən marşrut heç vaxt iqtisadi baxımdan cəlbedici ola bilməz”

Rusiyadan İrana yola düşən ilk yük qatarı Qazaxıstan və Türkmənistan ərazisindən tranzit keçməklə İran paytaxtının "Aprin" quru limanına çatıb.

Yük kağız, sellüloz və digər kağız məhsullarından ibarət 62 ədəd qırx futluq dəniz konteynerindən ibarətdir. Malların son təyinat məntəqələri İranın müxtəlif bölgələri və İraqdır. Qatar İranın İncə-Borun şəhəri yaxınlığında İran və Türkmənistan arasındakı sərhədi keçib və 12 gün ərzində Tehrana çatıb. Qeyd olunub ki, bu addım təkcə İranla Rusiya arasında ticarət münasibətlərinin gücləndirilməsində ən vacib addımlardan biri deyil, həm də İran, Rusiya və qonşu Mərkəzi Asiya ölkələri arasında müntəzəm qatar hərəkətinin başlanğıcı olacaq.

Rus mediası yazır ki, Moskva bununla daha etibarlı tərəfdaşları seçdi. Qeyd edilir ki, əvvəllər Azərbaycandan keçən qərb marşrutu daha perspektivli hesab olunurdu, amma Bakı NATO da daxil olmaqla Qərb strukturlarına önəm verdikdən sonra Moskva bu marşrutu yenidən nəzərdən keçirdi.

Göründüyü kimi, Rusiya Azərbaycanın acığına “Şimal-Cənub” marşrutunun şərq qolunu işə saldı.

“Şərqdən Qərbə və əks istiqamətdə konteyner daşımalarının Azərbaycan üzərindən aparılmasını Rusiya həzm edə bilmir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisad elmləri üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, bütün bunlar Rusiyanın nə qədər etibarsız tərəfdaş olduğunu göstərir: “Əvvəla, Azərbaycan NATO ilə əlaqələrin dərinləşdirilməsinə önəm vermir. Ən azından ona görə ki, Azərbaycanın NATO-ya üzv olmaq niyyəti heç vaxt olmayıb. Çünki ölkəmiz elə bir coğrafi məkanda yerləşir ki, o baxımdan bu amili hər zaman nəzərə alır. Azərbaycan sadəcə, ordusunu NATO standartlarına uyğun qurur. Məsələnin kökündə duran əsil amil Ukraynada müharibə başlayandan sonra Azərbaycanın sürətlə artan tranzit və logistik əhəmiyyətidir. Şərqdən Qərbə və əks istiqamətdə konteyner daşımalarının Azərbaycan üzərindən aparılmasını Rusiya həzm edə bilmir. Üstəlik, Zəngəzur dəhlizi işə düşəndən sonra daşımaların həcmi dəfələrlə artacaq. Avqustun 8-də Vaşinqtonda bu və digər məsələlərlə bağlı Azərbaycanla Ermənistan arasında əldə edilən razılaşma Rusiyanı narahat edir. Öz aləmlərində Azərbaycandan yan keçməklə alternativ marşrutlara start verirlər. Ancaq “Şimal-Cənub” nəqliyyat dəhlizinin şərq qolu heç vaxt iqtisadi baxımdan cəlbedici ola bilməz. Ən azından ona görə ki, məsafə çox uzanır. Bu da daşıma xərclərini, məhsulun maya dəyərini artırır. Digər tərəfdən, bu daşıma xətti üzrə yol infrastrukturu müasir tələblərə cavab vermir. Azərbaycan isə illərdir dəmir yollarının modernləşdirilməsinə sərmayə qoyur. Rəşt-Astara dəmir yolu hazır olandan sonra dəhlizin Şərq qolunun ümumiyyətlə cəlbediciliyi sual altına düşəcək”.

Vidadi ORDAHALLI

Seçilən
7
baki-xeber.com

1Mənbələr