İtaliyanın Milan prokurorluğu Bosniya müharibəsi dövründə baş verdiyi iddia olunan “snayper turizmi” ilə bağlı araşdırmaya başlayıb.
Paralel.az xəbər verir ki bu barədə “The Guardian” nəşri məlumat yayıb.
İstintaqın məlumatına görə, serb nümayəndələri münaqişə illərində İtaliyadan olan varlı turistlərə mühasirədəki Sarayevoda mülki vətəndaşlara atəş açmaq – yəni “ovlamaq” imkanı təklif ediblər.
Araşdırma, milanlı yazıçı Etsio Qavatszeninin topladığı sübutlar əsasında başlanıb. Qavatszeni bu materialları Sarayevonun keçmiş meri Benxamina Karıç tərəfindən Milan prokurorluğuna təqdim edilən şikayətə əlavə edib.
Yazıçının sözlərinə görə, Sarayevoya “safariyə” gələn italyanlar bunu siyasi və ya dini səbəblərlə deyil, sadəcə “əyləncə və zövq” naminə ediblər. Şəhərin vadidə yerləşməsi onlara ətraf dağlardan atəş açmaq üçün əlverişli mövqe yaradıb. Qavatszeni bildirib ki, “ov” üçün gələn imkanlı şəxslər dinc sakinlərə, o cümlədən uşaqlara da atəş açıblar.
Xatırladaq ki, Bosniya və Herseqovinanın paytaxtı Sarayevo 1992-ci ilin aprelindən 1996-cı ilin fevralına qədər Yuqoslaviya Xalq Ordusu və Serb Respublikasının Ordusu tərəfindən dörd il davam edən mühasirədə saxlanılmışdı. Bu müddətdə şəhərdə təxminən 10 min dinc sakin həlak olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta