AZ

Həmin ərazidəki hava bazası fəaliyyətə başladı

Hindistanın idarəsində olan mübahisəli Ladakh bölgəsində, Çin sərhədinə yaxın yerləşən Mudh-Nyoma Hava Bazasının fəaliyyətə başladığı elan edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, rəsmilər Hindistanın nəzarətindəki mübahisəli Ladakh bölgəsində yerləşən Mudh-Nyoma Hava Bazası ilə bağlı açıqlama veriblər.

Onlar bildiriblər ki, Çinlə müvəqqəti sərhədi təşkil edən Faktiki Nəzarət Xəttindən təxminən 25 kilometr uzaqlıqda yerləşən bu hava bazası artıq fəaliyyətə başlayıb və bu addım “Hindistan ordusunun döyüş hazırlığı qabiliyyətini artıracaq”.

Bundan başqa, rəsmilər qeyd ediblər ki, bazanın fəaliyyətə başlamasından sonra oradan döyüş təyyarələri, helikopterlər və nəqliyyat təyyarələri istifadə edə biləcək.

Himalay dağ silsiləsi boyunca uzanan və dəqiq müəyyən edilməmiş sərhəd xətti, Çinlə Hindistan arasında əraziyə dair suverenlik mübahisələrinə səbəb olur.

İki ölkə arasında Himalaylardakı mübahisəli sərhəd xəttində 2020-ci ildə baş verən toqquşma gərginliyin zirvəyə çatmasına gətirib çıxarmışdı. Bu mübahisənin həlli üçün aparılan danışıqlar ötən il razılaşma ilə nəticələnmişdi.

Tərəflər 2024-cü il oktyabrın 22-də iki ölkə arasındakı müvəqqəti sərhəd sayılan Faktiki Nəzarət Xəttində Ladakh bölgəsində qarşılıqlı patrul fəaliyyətlərinin tənzimlənməsi barədə razılığa gəldiklərini açıqlamışdılar.

Bundan qısa müddət sonra, oktyabrın 27-də, 5 ildən sonra ilk dəfə olaraq Hindistanla Çin arasında birbaşa uçuş həyata keçirilmiş, Hindistanın Kalküta şəhərindən Çinin Quanqcou (Guangzhou) şəhərinə reys baş tutmuşdu.

Seçilən
6
1
operativmm.az

2Mənbələr