AZ

Daha bir qəza versiyası: Səudiyyə Ərəbistanı Türkiyəyə istifadəyə yararsız təyyarə satıb?

Türkiyə Silahlı Qüvvələrinin Gürcüstanda qəzaya uğrayan hərbi yük təyyarəsi C-130 istifadəyə tam yararlı olub.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk bildirib.

Sözçü vaxtilə Səudiyyə Ərəbistanından alınmış təyyarənin istifadəyə yararsız olması ilə bağlı medianın iddiasına belə cavab verib:

"Sözügedən təyyarə 21 yanvar 2012-ci ildə Səudiyyə Ərəbistanından alınıb, baxış və texniki xidmətlərindən sonra 2014-cü ildə inventara daxil edilib. Təyyarə modernizasiya olunaraq 2022-ci ildən istifadəyə verilib.

O vaxtdan bu günə qədər təyyarə müntəzəm texniki baxışlarla xidmətə davam edib. Amma iddia edildiyi kimi, təyyarə istifadəçi ölkə tərəfindən istifadədən çıxarılmayıb, sadəcə ehtiyacdan artıq olan bir təyyarə idi. C-130 təyyarələri hələ də Səudiyyə Ərəbistanı tərəfindən istifadə olunur".

Zəki Aktürk təyyarənin qara qutusunun araşdırılmaq üçün dünən Türkiyəyə gətirildiyini xatırladıb: "Qəzaya uğrayan təyyarəmizə aid qara qutu araşdırılma məqsədilə ölkəmizə gətirilib. Artıq Ankarada araşdırılmağa başlanılıb".

Qeyd edək ki, noyabrın 11-də Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstanın Azərbaycanla dövlət sərhədindən təxminən 5 kilometr aralıda qəzaya uğrayıb. Təyyarə Azərbaycandan Türkiyəyə uçurdu.

Türkiyə Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin göyərtəsində 20 hərbçinin olduğunu açıqlayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
48
2
olaylar.az

3Mənbələr