AZ

Təyyarəni Rusiya vurub? - “Moskva və Tehran istəməz ki...” – “Kod”lar açılır

Xəbər verdiyimiz kimi, Türkiyə Hərbi Hava Qüvvələrinə (THK) məxsus C-130 tipli hərbi yük təyyarəsi qəzaya uğrayıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə təyyarənin kokpit və quyruq hissəsinin qopduğu əks olunub.

Turkustan.az-ın məlumatına görə, hadisədən sonra Rusiyanın Ankaradakı səfirliyi Türkiyəyə başsağlığı mesajı yayıb. Mesajın altına isə bir çox istifadəçi şərh yazıb. Səfirlik hadisə ilə bağlı Rusiyanı günahlandıran paylaşımlara tək-tək cavab verib.

"Təyyarəni Rusiya vurdu" iddialarına cavab olaraq istifadəçilərə səfirlik belə yazıb:

"Bu fikir ağlınıza necə gəldi?".

"Heç kim axmaq deyil, xəritəni bilirik" sözlərinə cavab olaraq səfirlik C-130 təyyarəsinin qəzaya uğradığı nöqtəni paylaşaraq, bunun Rusiyadan asılı olmadığını bildirib.

Bənzər iddia irəli sürən başqa bir istifadəçiyə belə cavab verib:

"Biz sizin düşməniniz deyilik. Rusiya-Türkiyə münasibətlərini inkişaf etdirməyə çalışırıq".

Bəzi şərhçilərə görə, Türkiyənin Gürcüstanda qəzaya uğrayan təyyarəsi ilə bağlı Rusiyaya işarə vurması təsadüfi deyil. İllər əvvəl Türkiyə Suriyada rusların helikopterini vurmuşdu. Həmin hadisə Ankara ilə Moskva arasında ciddi gərginliyə səbəb olmuşdu. İndi Türkiyənin qəzaya uğrayan təyyarəsi ilə bağlı konspiroloji fikirlər səslənir ki, bu işdə Rusiyanın əli ola bilər. Təbii ki, bu, bir ehtimaldır.

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Bakıvaxtı.az-a deyib ki, Azərbaycanın Türkiyə və Pakistan hərbçilərinin də iştirakı ilə keçirdiyi paradı qəbul etməyən güclər var. Ekspert vurğulayıb ki, parad müəyyən qüvvələrdə qıcıq yaradıb:

"Bu, birinci növbədə regional güclərdir. Yəni Rusiya və İrandır. Moskva və Tehran istəməz ki, Cənubi Qafqazda Azərbaycan güclənsin. Azərbaycanın güclənməsi bu ölkələri narahat etməkdədir. Ona görə də hərbi ittifaq məsələsinə çox qısqanclıqla yanaşırdılar. Aydın məsələdir ki, Ermənistan bunu xoş qəbul etmir. Erməni müxalifəti Azərbaycanın irəlidə olmasını, özlərinin pis gündə qalmasını müqayisə edərək müzakirələr aparırlar. Paraddan iki gün sonra belə bir qəzanın baş verməsi hamımızı çox məyus etdi. Onlar bizim şəhidlərimizdir. Hər biri öz sahəsində mütəxəssis idi. Mütəxəssislər asan yetişmirlər, onları yetişdirmək üçün illər sərf olunub".

İlham İsmayıl: Xarici müdaxilələr raketlər, dronlar vasitəsi ilə olub

Ekspertə görə, bənzər hadisələr olub və istənilən bu cür hadisələrdə müxtəlif versiyalar üzə çıxıb:

"Bəzən yayılan çoxsaylı versiyalar rəsmi açıqlamayadək ictimaiyyətdə yanlış rəy də formalaşır. İndi meydana çıxan suallara rəsmi bəyanatla dəqiq cavab veriləcək, çünki qara qutu tapılıb. Amma ilkin versiyalar irəli sürülür. Parada qısqanclıqla yanaşan bəzi qüvvələr buna kölgə salmaq müəyyən addımlar ata bilərlərmi?”

Müsahibimiz vurğulayıb ki, burada xarici müdaxilə söhbəti var. Dediyinə görə, xarici müdaxilələr raketlər, dronlar vasitəsi ilə olub:

“Texnika son vaxtlar o qədər inkişaf edib ki, bəlkə də hansısa təyyarəni texniki baxımdan sıradan çıxarmaq üçün imkanlar mövcuddur. Rusiyanın adı çox hallanır. İnanmıram ki, Rusiya Gürcüstanda məhz Türkiyə təyyarəsini hədəf alsın. Türkiyə və Rusiya münasibətləri gərgin deyil, ortada qarşıdurma yoxdur. Əksinə, ikili münasibətlərdə müəyyən normallıq var".

Seçilən
4
1
turkustan.az

2Mənbələr