AZ

Bankların HƏDİYYƏ ŞOUSU: “YeloBank” və “UniBank” şəhid ailələrini aciz qoyur”

“Yardımların aşırı dərəcədə reklam olunması sanki şəhid ailəsini azacıq yardım qarşısında aciz qoymaq anlamına gəlir”.

Bunu Yenicag.az-a açıqlamasında “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə deyib

O, “YeloBank” və “UniBank”-ın Zəfər Bayramında şəhid ailələrinə verdiyi hədiyyələri reklam etməsi barədə mövqeyini səsləndirib.

B. Məmmədzadə qeyd edib ki, şəhid ailələrinə ən böyük dəstəyi dövlətimiz göstərir.

“Bu sahə ilə xüsusən ictimai təşkilatlar məşğul olur. Məsələn, müəyyən qurumlardan maliyyə və ya yardım dəstəyi almaq məsələlərini bu sahənin təşkilatları həyata keçirir. Amma bank sisteminin bu cür yardımları ucuz reklam vasitəsinə çevirməsi, şəhid ailələrindən istifadə edərək bunu açıq-aşkar nümayiş etdirməsi, əlbəttə ki, xoş qarşılanan hal deyil.

Görürük ki, bəzi böyük şirkətlər bu kimi yardımları layihə şəklində həyata keçirirlər və bunu reklam etmirlər. Tədbir zamanı yardım və ya hədiyyə olarsa belə, onu nümayiş etdirmirlər. Nəzərə almaq lazımdır ki, bu gün şəhid ailəsinin heç nəyə ehtiyacı yoxdur. Lakin yenə də hər bir sahibkarın, iş adamının borcudur ki, şəhid ailələrinə və qazilərə daim diqqət və qayğı göstərsin.

Yardımların aşırı dərəcədə reklam olunması, sanki şəhid ailəsini azacıq yardım qarşısında aciz qoymaq anlamına gəlir. Bu isə doğru bir hal deyil. İctimai təşkilatların da bu cür hallara yol verməsi düzgün deyil. Onlar bəzi hallarda iri şirkətlərdən dəstək alaraq layihələri həyata keçirsələr də, şirkətlərin şərtlərinə uyğun olaraq reklam etmək məcburiyyətində qalırlar.

Amma bank sektorunda gəliri yüksək olan bir qurumun bu cür yardımları reklam məqsədilə təqdim etməsi düzgün və etik sayılmır. Bu, xoş qarşılanmayan bir davranışdır. Əgər böyük şirkətlər həqiqətən də kömək etmək istəyirsə, tələbə adını qazanan şəhid, yaxud qazi övladlarına ictimai nəqliyyatda istifadə etməsi üçün kart verə bilər. “Yumurta qutularına nəsə yığıb aparıb bəh-bəhlə çəkib paylaşmaq düzgün deyil. Elə böyük şirkətlər var ki, daha çoxunu edir, lakin bir dəfə belə olsun çəkib paylaşmır”, – deyə o, fikirlərini tamamlayıb.

Seçilən
27
editor.az

1Mənbələr