Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov İslandiya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün DÇ-2026-nın seçmə mərhələsinin 5-ci turu çərçivəsində Bakıda üz-üzə gəliblər.
Qarşılaşma Azərbaycan millisinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Ayxan Abbasov görüşdən sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:
“Xal qazanmaq istəyirdik. Buna inanırdıq. Təəssüf ki, uduzduq. Rəqibin gücü bəlli idi. Bilirdik ki, onlar bu görüşə son oyun kimi baxırdılar. Yaxşı komandadır. Ukrayna ilə müqayisə etsək, komanda olaraq daha yaxşı təsir bağışlayır. İkinci hissə daha yaxşı olduq. Birinci hissədə fürsətlər oldu, soyuqqanlı olsaydıq, vura bilərdik. Sadə qollar buraxdıq. İtkilər və yeni oyunçularımız var idi. Sona qədər mübarizə apardıq. Fransa ilə son oyunumuz qalıb. Ona hazırlaşacağıq.
Bu gün hakimlik bizə qarşı idi. Rüstəm Əhmədzadənin sarı vərəqə epizodu oldu. Təəssüf ki, oyunu buraxacaq. Orada məncə, penalti var idi. Emin Mahmudova təşəkkür edirəm. Bir məşqlə bu ağır oyunda oynadı. Onun oynaması vacib idi. Müdafiəçilərimizin birinci hissədəki daha soyuqqanlılığı çatmadı. Rəqibin gümrah olmasından irəli gəlirdi.
Rüfət Abbasovu bu gün qazandıq. Onu, Xəyal Əliyevi də. İnanıram ki, gələcəkdə də belə davam edərlər.
Rəqibin boşluqları var idi. Təəssüf ki, biz yaxşı icra etmədik. Deməzdim ki, onlar müdafiədə o qədər yaxşı idilər. Ən boşluq olan yerlərindən biri standart vəziyyət idi. Ona qalsa, bir çox futbolçular oynamır. Abdulla Xaybullayev də oynamır. O yaxşı idi, ona görə”.
Ayxan Abbasov Fransa ilə oyun öncəsi heyətdə dəyişikliklərin olacağını bildirib:
“Biz bu iki oyuna hazırlaşanda, beynimizdə fikir var idi. Rüstəm Əhmədzadənin vərəqə limitinə düşməsi planları pozdu. Dəyişiklik olacaq. Duruma da baxacağıq. Bilirik, rəqib Fransadır, rəqib haqda danışmağa dəyməz. Səfərdə də onlarla mübarizə apardıq. Bu gün gerçək var ki, qrupdakı rəqiblər bizdən güclüdür. Qəbul etmək istəmirik, amma çox çətin qrup idi. Futbolçular üçün son matçlar vacibdir. Emin Mahmudov, ELvin Cəfərquliey böyük itkidir. Heyət də geniş deyil. 70-75 dəqiqə oynayacağını fikiləşirdik. Amma 2-ci matçı da fikirləşdik. Zədəsi sağalıb. Amma bilirdik ki, “Neftçi”də 1 məşq edib, derbi oynamışdı. Fransa ilə görüşdə 60-65 dəqiqə oynamaq gücü olacaq.
Ruhdan düşmək lazım deyil. Hələ komandamız da gəncdir, get-gedə də gəncləşir. Birinci məqsəd olmalıdır ki, C liqasına qayıdaq. Bu oyunlara o baxışla da yanaşırıq. Çünki ora tam hazır olmaq lazımdır. Gələcəyin işidir. Millidə böyük nəticə haqda fikirləşmək tezdir. Amma çalışmaq lazımdır”.

