Maliyyə naziri, Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə rəhbəri Sahil Babayev Azərbaycanda səfərdə olan bankın prezidenti Masato Kanda ilə görüşüb.
Maliyyə Nazirliyin məlumatına görə, görüşdə AİB-nin 2025–2029-cu illəri əhatə edən Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlığı Strategiyası da diqqət mərkəzində olub. Yeni strategiya iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı, iqlim dayanıqlığının artırılması, rəqəmsal və yaşıl transformasiya, eləcə də özəl sektorun gücləndirilməsi kimi prioritetləri əhatə edir.
Tərəflər Bakı Metropoliteninin genişləndirilməsi, Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun, içməli su təchizatının, su itkilərinin azaldılması və yağış sularının idarə edilməsi sahələrində həyata keçiriləcək layihələrdə, eləcə də dəmir yolu infrastrukturunun modernləşdirilməsi, dövlət–özəl tərəfdaşlığı layihələri və regional əlaqəlilik təşəbbüsləri daxil olmaqla əsas prioritet əməkdaşlıq istiqamətləri üzrə geniş müzakirələr aparıblar. Bu çərçivədə AİB-nin Orta Dəhliz və Yaşıl Enerji Dəhlizi kimi strateji regional layihələrə inteqrasiyası da diqqət mərkəzində olub.
Görüş zamanı Azərbaycanın AİB-nin yoxsulluğun azaldılması və həyat keyfiyyətinin yüksəldilməsi məqsədilə əsasən aşağı gəlirli ölkələrə dəstək göstərən Asiya İnkişaf Fonduna (AİF) 2021-ci ildən etibarən verdiyi töhfələr yüksək qiymətləndirilib. Vurğulanıb ki, bu dəstək Azərbaycanın ən az inkişaf etmiş ölkələrlə həmrəylik siyasətinin və inklüziv regional inkişafın təşviqinə verdiyi önəmin göstəricisidir.
Prezident Masato Kanda bildirib ki, AİB Azərbaycanı mühüm və etibarlı tərəfdaş kimi yüksək qiymətləndirir və ölkənin inkişaf prioritetlərini dəstəkləməyə, o cümlədən regional əlaqəlilik, rəqəmsal transformasiya, su təsərrüfatı və dayanıqlı infrastruktur sahələrində əməkdaşlığı daha da genişləndirməyə hazırdır.