BMT-nin Baş katibi Antonio Quterreş Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan səfirliyinin binasının raket zərbəsinə məruz qalmasını pisləyib və diplomatik binaların toxunulmazlığı prinsipini xatırladıb.
Senzor.az bildirir ki, Baş katibin sözçüsü Stefan Düjarrikin adından yayılan bəyanatda belə deyilir.
Bəyanatda vurğulanır: "Baş katib bu gün Rusiya Federasiyasının Ukraynanın bir sıra bölgələrinə endirdiyi irimiqyaslı raket və dron zərbələrini kəskin şəkildə pisləyir. Məlumatlara görə, paytaxt Kiyevdə ən azı altı nəfər və Çernomorsk şəhərində iki nəfər həlak olub.
Hücum nəticəsində mülki şəxslər arasında çoxlu sayda xəsarət alanların olduğu, yaşayış və enerji infrastrukturuna, habelə Azərbaycan Respublikasının Kiyevdəki səfirliyinə ziyan dəydiyi bildirilir. Mülki əhaliyə və infrastruktura qarşı hücumlar beynəlxalq humanitar hüququ pozur.
Harada baş verməsindən asılı olmayaraq, onlar qəbuledilməzdir və dərhal dayandırılmalıdır. Baş katib diplomatik binaların toxunulmazlığı prinsipini xatırladır. Baş katib Ukraynada ədalətli, hərtərəfli və davamlı sülhə doğru ilk addım kimi tam, dərhal və qeyd-şərtsiz atəşkəs çağırışını təkrarlayır, BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və təşkilatın müvafiq qətnamələrinə uyğun olaraq, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü tam şəkildə müdafiə edir".