AZ

Muxtar Babayev: İqlim şəffaflığı Paris Sazişi çərçivəsində götürülmüş öhdəliklərin yerinə yetirilməsində mühüm rol oynayır

İqlim şəffaflığı Paris Sazişi çərçivəsində götürülmüş öhdəliklərin yerinə yetirilməsində mühüm rol oynayır.

Ekologiya.az xəbər verir ki, bunu COP29-un Prezidenti Muxtar Babayev Brazilyanın Belem şəhərində keçirilən BMT-nin iqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 30-cu tərəflər Konfransı (COP30) çərçivəsində Azərbaycanın COP29 Prezidentliyinin təşəbbüsü və COP30 Prezidentliyinin tərəfdaşlığı ilə keçirilən İqlim şəffaflığına həsr olunmuş yüksəksəviyyəli Nazirlər Dialoqunda çıxışı zamanı bildirib.

M.Babayev iqlim şəffaflığı istiqamətində yaradılan əməkdaşlıq mühitinin əhəmiyyətini vurğulayaraq Bakıda başlanan bu müsbət ənənənin qlobal iqlim gündəliyinə töhfə verməyə davam edəcəyini diqqətə çatdırıb.

Daha sonra COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev çıxış edərək Azərbaycanın COP29 Sədrliyinin iqlim şəffaflığının və hesabatlılığının gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərə diqqət çəkib. O, Bakı Qlobal İqlim Şəffaflığı Platforması (BTP) çərçivəsində müxtəlif ölkələrə BTR-ların hazırlanması prosesində göstərilən dəstəkdən söz açaraq iqlim şəffaflığının siyasi gündəlikdə saxlanılması üçün yüksək səviyyəli görüşlərin davam etdirilməsinin vacibliyini bildirib. Baş danışıqçı Azərbaycan tərəfindən əsası qoyulan bu müsbət təcrübənin gələcək COP tədbirlərində də davam etdirilməsinin önəmini vurğulayıb.

Tədbirdə COP30-un Prezidenti Adre Laqo, UNFCCC-nin İcraçı katibi Simon Stiell, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) İcraçı Direktoru İnger Andersen, Avropa İttifaqının yüksək səviyyəli nümayəndələri, Çin, Böyük Britaniya, Norveç, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Anqola, Tuvalu və digər ölkələrin ətraf mühit nazirləri və nazir müavinləri, bir sıra beynəlxalq təşkilatların rəhbərləri və digər yüksək səviyyəli rəsmilər də iştirak və çıxış ediblər.

Nazirlər iclası zamanı Paris Sazişinin dayanıqlı icrasının əsas mexanizmlərindən biri olan Gücləndirilmiş Şəffaflıq Çərçivəsinin 10-cu ildönümü ərəfəsində əldə edilən tərəqqinin qiymətləndirilməsi, COP29 zamanı ilk dəfə təqdim edilən "İkiillik Şəffaflıq Hesabatlarının (BTR)" əhəmiyyəti, onların hazırlanması ilə bağlı qarşıya çıxan çətinliklər və gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı müzakirələr aparılıb.

Müzakirələr zamanı Azərbaycanın COP29 Sədrliyi çərçivəsində iqlim şəffaflığına verdiyi töhfə yüksək qiymətləndirilib, bu istiqamətdə göstərilən liderliyin və Bakı Qlobal İqlim Şəffaflığı Platformasının (BTP) qlobal iqlim gündəliyində şəffaflığın gücləndirilməsinə mühüm töhfə verdiyi bildirilib.


Seçilən
2
8
ekologiya.az

9Mənbələr