AZ

Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları ilə bağlı təlim keçirilib

Bakı, 15 noyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzi tərəfindən “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda Kür çayının Mingəçevir şəhərindən keçən hissəsinin sahilində təlim təşkil olunub.

Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təlimə FHN-in yerli qurumlarının, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir xətt polis məntəqəsi və Mingəçevir şəhər Polis şöbəsinin post-patrul xidmətinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Mingəçevir şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının şəxsi heyəti və texnikası cəlb olunub.

Təlimin keçirilməsində əsas məqsəd cəlb olunan qüvvələrin mümkün fövqəladə hallar zamanı qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, cavabdeh şəxslərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi olub.

Təlim zamanı iki ədəd kiçikhəcmli gəminin şərti toqquşma hadisəsi və bu zaman həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər simulyasiya edilib. Belə ki, “qəza” zamanı “zərərçəkmişlər” xilasedicilər tərəfindən “xilas olunaraq ilk yardım” göstərildikdən sonra aidiyyəti üzrə təcili tibbi yardım briqadasına təhvil veriliblər. Gəmidə baş vermiş şərti yanğın yanğınsöndürənlər tərəfindən “söndürülüb, digər ərazilər yanğından mühafizə edilib”.

Təlimdə ümumilikdə xüsusi təyinatlı 11 ədəd texnika və 57 nəfərdən ibarət şəxsi heyət iştirak edib.

Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.

Seçilən
23
10
azertag.az

10Mənbələr