AZ

Mərkəz rəhbəri: Orta Dəhlizlə bağlı prosesdə Azərbaycan lider rolunu oynayır

Orta Dəhlizlə əlaqədar prosesdə Azərbaycan açıq şəkildə lider rolunu oynayır.

APA-nın Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Özbəkistan Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin Perspektivli Beynəlxalq Tədqiqatlar İnstitutunun Strateji Əlaqə Mərkəzinin rəhbəri Nərgiz Umarova bildirib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü çərçivəsində Özbəkistana rəsmi səfəri başlayıb: “Son illər Azərbaycan–Özbəkistan əlaqələri nəzərəçarpacaq dərəcədə intensivləşib və dinamik olaraq genişlənir. Bu inkişaf təkcə nəqliyyat sahəsi ilə məhdudlaşmır; enerji əməkdaşlığı, iqtisadi tərəfdaşlıq və xüsusilə ticarət dövriyyəsinin artımı da buna daxildir. Bununla belə, coğrafi yaxınlıq və böyük bazar imkanları fonunda hələ də istifadə edilməmiş geniş potensial mövcuddur. Hazırda Cənubi Qafqaz ölkələri ilə Orta Asiya arasında böyük bir birgə layihə – Orta Dəhliz fəal şəkildə inkişaf etdirilir. Bu prosesdə Azərbaycan açıq şəkildə lider rolunu oynayır. Özbəkistan da bu dəhlizin ən fəal iştirakçı ölkələrindən biridir. Bununla yanaşı, Özbəkistan 2019-cu ildə həm də “Kaska Plus” adlı multimodal nəqliyyat layihəsinə start verib. Bu dəhliz Şərqi Asiyadan, o cümlədən Çindən yüklərin Cənubi Qafqaz ölkələrinə, Türkiyəyə və ardından Avropaya daşınmasını nəzərdə tutur. Layihə mütəmadi genişlənir, Azərbaycan və Gürcüstanla əməkdaşlıq isə xüsusi rol oynayır”.

Ekspert vurğulayıb ki, Orta Dəhliz həm Orta Asiya və Cənubi Qafqaz ölkələri arasında ticarətin artmasına, həm də regionların tranzit potensialının yüksəlməsinə şərait yaradır: “Hazırda Avropa İttifaqı və Çin kimi böyük iqtisadi mərkəzlər daha çox quru nəqliyyat marşrutlarına üstünlük verirlər və bu da Orta Dəhlizi strateji baxımdan həlledici edir. Son üç ildə Avrasiya məkanında müşahidə edilən geosiyasi gərginliklər Orta Dəhlizin əhəmiyyətini daha da artırıb. Ölkələrimiz bu fürsətdən aktiv şəkildə yararlanır. Məsələn, ötən il Xəzər limanları vasitəsilə Orta Dəhliz boyunca 4,5 milyon ton yük daşınıb ki, bu da əvvəlki illə müqayisədə 62% çoxdur. Bu il daşımaların təxminən iki dəfə artacağı gözlənilir. Dünya Bankı isə 2030-cu ilə qədər daşımaların 11 milyon tona çatacağını proqnozlaşdırır. Lakin bunun reallaşması üçün dəhliz boyunca iştirakçı ölkələrdə liman və nəqliyyat infrastrukturunun müasirləşdirilməsi vacibdir”.

Nərgiz Umarova vurğulayıb ki, Özbəkistanın Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlıqda xüsusi marağı var və bu, yalnız Orta Dəhlizlə məhdudlaşmır: “Özbəkistan Mərkəzi Asiyanın tam mərkəzində yerləşir və regionun bütün ölkələri, həmçinin Əfqanıstanla həmsərhəddir. Əfqanıstan faktoru ölkəyə əlavə tranzit üstünlüyü verir. Hazırda Özbəkistan cənub nəqliyyat və tranzit dəhlizlərinin inkişafına ciddi önəm verir. Özbəkistan 2018-ci ildən etibarən Əfqanıstan üzərindən Pakistan limanlarına çıxışı təmin edən yeni tranzit marşrutunu təşviq edir və layihə artıq demək olar ki, yekun mərhələyə çatıb. Bu marşrut İran üzərindən keçən tranzitə alternativ hesab olunur və Azərbaycanla nəqliyyat sahəsində maraqların uzlaşdırılması üçün xüsusi imkanlar açır”.

Seçilən
18
3
apa.az

4Mənbələr