Havanın soyuması ilə birlikdə qrip və digər virus xəstəlikləri artır.
Özünü qorumaq istəyən bir çox insan immuniteti gücləndirmək üçün antibiotik və müxtəlif vitaminlərə üz tutur. Lakin həkim məsləhəti olmadan qəbul edilən antibiotiklər orqanizmdə ciddi problemlər yarada bilər.
Bəs antibiotikin sağlamlığa hansı mənfi təsirləri var?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında həkim-farmakoloq, tibb eksperti Aydın Əliyev bildirib ki, antibiotik insan bədənində müxtəlif allergik reaksiyalar yarada bilər:

"İlk olaraq antibiotik sözünün mənşəyinə diqqət yetirmək lazımdır. “Anti” – “əleyhinə”, “bios” isə “həyat” deməkdir. Yəni antibiotik “canlı orqanizmlərin – xüsusilə bakteriyaların əleyhinə təsir edən maddə” anlamını verir. Burada söhbət viruslardan deyil, məhz bakteriyalardan gedir.
Antibiotiklər müxtəlif xəstəliklərdə istifadə olunur, bəzən onkoloji xəstələrdə yaranan infeksiyaların müalicəsində də tətbiq edilir. Eyni zamanda ən çox allergik reaksiya verən dərmanlardan biri də antibiotiklərdir.
Xüsusilə penisilin qrupuna qarşı allergik reaksiyalar daha geniş yayılıb. Bu səbəbdən antibiotik istifadə edərkən diqqətli olmaq mütləqdir".
O qeyd edib ki, antibiotiki həkim təyinatı olmadan qəbul etmək qətiyyən düzgün deyil:
"Payız mövsümündə qrip və qripəbənzər virus xəstəlikləri artır və bir çox insan özbaşına antibiotik qəbul etməyə başlayır. Halbuki antibiotiklər viruslara təsir etmir və qripin müalicəsində heç bir rolu yoxdur.
Antibiotik mikroblara (bakteriyalara) təsir edərək onların çoxalmasını dayandırır və ya məhv edir, amma bu zaman insan orqanizminə də müəyyən təsirlər göstərə bilir. Bəzi hallarda qıcıqlandırıcı təsirlər, hətta allergik reaksiyalar yarana bilər.
Buna görə antibiotiklər yalnız həkim məsləhəti ilə qəbul edilməlidir. Özəliklə ölkəmizdə heç bir dərman reseptsiz verilməməlidir, özbaşına dərman istifadəsi tamamilə dayandırılmalıdır".