AZ

Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ

Milli Məclisdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Maliyyə Nazirliyinin təşəbbüsü ilə müəyyən lazımsız ştatların ləğv olunması zərurətə çevrildiyini qeyd edərək bunu təqdirəlayiq hesab edib. Lakin deputat burada müəyyən problemlərin yarandığını da qeyd edib. O, lazımlı ştatların da ləğv olunduğuna diqqət çəkib.

Modern.az-a açıqlama verən Tahir Rzayev bildirib ki, lazımsız ştatların ləğvinə münasibəti müsbət olsa da bir çox vacib ştatlar da ləğv olunur:

“Onların ləğv olunması məqsədə uyğun deyil və bunu bildirdim”.

Deputat ləğv olunan önəmli ştatlar haqqında da danışıb:

“Rayonlarda mədəniyyət şöbələrində sürücü ştatları, müəyyən texniki ştatları, xadimə və digər ştatlar ləğv olunub. Belə bir sual yaranır: bəs bu sənət adamları hansısa hərbi hissəyə və ya başqa tədbirlərə gedirsə nədən istifadə etməlidir? Yaxud rayonlarda fəaliyyət göstərən təhsil sektorları var. 70 məntəqəsi olan bir rayonun təhsil sektorunda 3-4 nəfərlik ştat saxlayıblar. Bu mütəxəssislər bu qədər məktəbi əhatə edə bilərlər? Təhsilin səviyyəsinin yüksəldilməsi ilə bağlı müəyyən tapşırıqları verə bilərlərr? Yerlərə gedə bilərlərr? Mümkün deyil. Sektor müdirinin maşını yoxdur, sürücüsü yoxdur. Hətta oradakı gözətçi də, xadimə ştatları da ləğv olunub. Bu məktəbləri, bağçaları, bağları kim qorumalıdır? Kim yaşatmalıdır? Ya bu otaqları kim təmizləməlidir?”

“Elə nazir var bir neçə müşavir götürüb, elə komitə sədri var özünə ayrı-ayrı köməkçilər, məsləhətçilər, nələr-nələr götürüb yüksək əməkhaqqı verirlər. Amma yerlərdə, məktəblərdə bu texniki ştatlarının ləğv olunması, müəyyən sayda azaldılması heç də yerinə deyil”- qeyd edən deputat bu qədər vəzifənin lazım olmadığını qeyd edib.

Bu gün ölkə rəhbəri qarşıya bir vəzifə qoyur ki, kənddən insanlar şəhərə axın etməsin, rayonlarda yaxşı şərait yaradılsın. Yerlərdə iş yeri açılsın, adamlar məşğul olsun. Ancaq kitabxanalar, klublar, mədəniyyət evləri, oralarda olan ştatlar, əksəriyyəti ləğv olunub, yoxdur:

“Bu adamlar, bu insanlar sözsüz ki, işsiz qalıb, ailəsinə baxa bilməyib. Nəticədə ali, orta ixtisas təhsilli insanlar məcbur olub şəhərə üst tutur. Buna görə də gərək bu barədə ciddi fikirləşilsin. Ləğv elədikləri ştatda çalışanlar da bir o qədər yüksək əmək haqqı da almırlar. Ancaq burada müşavirlər, köməkçilər, məsləhətçilər var, - onlar həmin işçilərdən beş dəfə artıq əməkhaqqı alırlar və fəaliyyətləri də göz qabağında deyil. Amma məktəbin bağbanı, gözətçisi, məktəbdə abadlıq işləri görür, təmizliyə riayət edir, konkret işlər görür”.

Tahir Rzayev qeyd edib ki, ştatlar ixtisar olunarkən mütləq reallıqlar nəzərə alınmalıdır:

“150 min əhalisi olan rayonun aqrar inkişaf mərkəzində də eyni ştat olsun, əhalisi və ərazisi ondan iki dəfə az olan rayonda da eyni ştat olsun – bu nə qədər doğrudur? Bu hansı qaydaya, hansı əsaslara söykənərək belə ştatlar tərtib olunub və ya fəaliyyət göstərir?”

“Büdcəyə qənaət, büdcənin qorunması hər bir vətəndaşın, hər bir vəzifəli şəxsin borcudur. Ancaq sırf qənaət məqsədilə insanları işdən azad etmək, ixtisara salmaq mənə görə düzgün deyil” – deyə o bildirib.

Seçilən
24
10
turkustan.az

10Mənbələr