AZ

Atom və nüvə bombası fərqi: İnsanlığı titrədən gücün sirri

Dünyanın ən təhlükəli silahlarından sayılan atom və ümumilikdə nüvə bombaları bəşəriyyətin yaddaşında dərindən iz buraxan qorxu mənbəyidir. Çox vaxt eyni mənada işlənsə də, bu iki anlayış arasında mühüm elmi fərqlər mövcuddur.

Milli.Az-ın məlumatına görə, "Wion" platformasının izahına əsasən, atom bombası nüvə silahlarının yalnız bir növüdür. Yəni hər atom bombası nüvə silahıdır, lakin bütün nüvə silahları atom bombası hesab olunmur. Tarixdə ilk hazırlanmış nüvə silahı da məhz atom bombasıdır.

Atom bombasının gücü uran-235 və ya plutonium-239 kimi ağır nüvələrin parçalanması nəticəsində yaranan enerjiyə söykənir. Neytron vurması ilə başlanan bu proses zəncirvari reaksiyaya çevrilir və Einstein-in məşhur E = mc² düsturunun təsdiqi kimi az miqdarda kütlük nəhəng enerjiyə çevrilir.

İlk atom bombaları 1945-ci ildə ABŞ tərəfindən istifadə edilib. Həmin il "Little Boy" Xirosimaya, "Fat Man" isə Naqasakiyə atılmış və nəticədə 200 mindən çox insan həyatını itirmişdi. Bu hadisələr nüvə dövrünün başlanğıcı kimi tarixə düşdü.

"Nüvə bombası" termini isə daha genişdir. Buraya həm parçalanma əsasında işləyən atom bombaları, həm də sintez reaksiyası ilə güc alan hidrogen (termonüvə) bombaları daxildir.

ABŞ ilk hidrogen bombasını 1952-ci ildə sınaqdan keçirib. "Ivy Mike" adlı bu silah 10 meqatondan artıq enerji buraxaraq Xirosimaya atılan bombadan yüzlərlə dəfə daha güclü təsir göstərmişdi.

Bu fərq nüvə arsenalının inkişafında dönüş nöqtəsi sayılır. Atom bombaları yalnız parçalanmaya əsaslanırsa, hidrogen bombaları parçalanma + sintez ardıcıllığı ilə fəaliyyət göstərir və nəzəri olaraq məhdudiyyətsiz güc yarada bilir.

Atom bombasında enerji ağır elementlərin parçalanmasından alınır. Hidrogen bombasında isə yüngül elementlərin son dərəcə yüksək temperatur və təzyiq altında birləşməsi (sintezi) daha dağıdıcı reaksiyalar yaradır. Buna görə ölçü baxımından kiçik olan termonüvə silahı belə adi atom bombasından çox qat güclü ola bilər.

Güc vahidi də fərqlidir:

Atom bombaları kilotonlarla,

Hidrogen bombaları meqatonlarla ölçülür.

Bu isə aradakı fərqin minlərlə dəfə olduğunu göstərir.

Tarixi baxımdan atom bombası ilk nüvə çəkindirmə vasitəsi idisə, hidrogen bombası soyuq müharibə dövrünün strateji balansını müəyyən edən ən böyük faktora çevrilmişdi. Termonüvə silahı istehsal edən ölkələr artıq qlobal güc klubunun əsas üzvləri sayılır.

1945-dən sonra "atom bombası" termini məşhurlaşsa da, 1950-ci illərdə aparılan hidrogen bombası sınaqları "nüvə bombası" anlayışını daha geniş istifadəyə çıxardı. Elmi yanaşmada atom bombası yalnız parçalanma əsaslı qurğunu, nüvə bombası isə həm parçalanma, həm də sintezlə işləyən bütün silahları əhatə edir.

Hazırda istismarda olan döyüş başlıqlarının əksəriyyəti termonüvə tipindədir. Lakin taktik məqsədlər üçün daha kiçik, yalnız parçalanma əsaslı bombalar da saxlanılır.

Müasir nüvə arsenalı daha kompakt, daha dəqiq və texnoloji cəhətdən inkişaf etmişdir. Silahların azaldılması barədə anlaşmalar olsa da, nüvə gücünə malik dövlətlər öz arsenalını yeniləməkdə davam edir və hazırda dünyada minlərlə aktiv başlıq mövcuddur.

Güc artdıqca, bu arsenalın siyasi, texnoloji və etik idarəçiliyi də daha çətin hala gəlir. Bir sözlə, atom bombası bu silahlar dövrünün başlanğıcı idisə, nüvə bombası onun çox daha inkişaf etmiş mərhələsidir.

Milli.Az

Seçilən
31
2
milli.az

2Mənbələr