Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakı, 15 noyabr, Tatyana İvanaeva, AZƏRTAC
Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF) çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində İsrailin dünyaca məşhur “Geşer” teatrının və Fransanın “Les Gemeaux” teatrının iştirakı ilə rejissor Rimas Tuminasın rəhbərliyi ilə “Anna Karenina” tamaşası nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, “Anna Karenina” rejissorun İsrail səhnəsində ərsəyə gətirdiyi iki əsərdən birincisidir. 2023-cü il yanvarın 25-dən - ilk nümayişdən bəri Tuminasın rəhbərlik etdiyi “Anna Karenina” dünya teatrlarının ən arzuolunan və səbirsizliklə gözlənilən tamaşalarından birinə çevrilib.

Tamaşadan əvvəl “Geşer” teatrının baş direktoru Lena Kreyndlina paytaxtımızdan aldığı təəssüratları gizlətmədən bildirib ki, truppa ABŞ və London qastrollarından sonra Bakıya gəlib, bundan əvvəl isə Vyana, Tbilisi, Riqa və Vilnüsdə olub: “Son bir ildə o qədər çox səyahət edirik ki… Biz sizə məhz London səfərindən sonra gəldik və açığı, buraya öz evimizə qayıdırmış kimi gəlirdik. Bilirdik ki, burada bizi teatr festivalı və unudulmaz təəssürat gözləyən tamaşaçılar qarşılayacaq. Buraya gətirdiyimiz tamaşa bizim üçün çox dəyərlidir”, – deyə o qeyd edib.
“Anna Karenina” tamaşasını Rimas Tuminasın yaradıcılığında rus klassikası xəttinin davamı hesab etmək olar. Bu xətt onun E.Vaxtanqov adına Moskva Dövlət Akademik Teatrında səhnələşdirdiyi A.P.Çexovun “Vanya dayı” və A.S.Puşkinin “Yevgeni Onegin” əsərlərində də öz əksini tapıb. Bakı tamaşaçıları bu əsərləri 2019-cu ilin sentyabrında M.A.P. festivalı çərçivəsində izləmişdi.

“Rimas Tuminas bizə gələndə ona “Anna Karenina”nı təklif etdim”, – deyə Lena Kreyndlina xatırlayır: “Çünki bilirdim ki, o, sadəcə kitabı götürüb necə yazılıbsa o cür də səhnəyə qoymayacaq. Əlbəttə, o, öz səhnə redaksiyasını yaratdı. Öz yolunu təklif etdi. Bu tamaşa bizim ilk birgə işimiz oldu. Rimas aktyorlarla ümumi dil axtarırdı. İlk dəfə idi ki, ivrit dilində səslənən tamaşa hazırlayırdı, tərcüməçi ilə işləyirdi. Bu, heyrətamiz bir proses idi. Bizdə məşqlərin videoçəkilişləri qalıb, həmçinin Rimas Tuminas haqqında bir film də var. Təəssüf ki, artıq onun xatirəsinə…”.
“Anna Karenina”nın teatr dilinin üslubu Rimas Tuminasın özünəməxsus rejissor imzasıdır və ona məxsus əsas xüsusiyyətləri – dəyişməz ironiya və həyata fəlsəfi baxış bu tamaşada da açıq şəkildə hiss olunur.

Tuminasın quruluşlarında hər bir qəhrəmanın vizual və intonasiyaya əsaslanan dəqiq işlənmiş obraz həlli var.
Aleksey Karenin rolunun ifaçısı İsrael Demidov “Rimas Tuminasla işləmək necədir?” sualını cavablandırarkən bunun duyğuların, düşüncələrin, ağıl və qəlbin fövqəladə səviyyəsi olduğunu etiraf edir: “O, səni səhnədə etməli olduğun hər şeyə maksimum dərəcədə səfərbər edir, özünü tam həsr etməyə vadar edirdi”.
Tamaşada, həmçinin Avi Azulay (Aleksey Vronski), Alon Fridman (Stiva Oblonski), Karin Seruya (Dolli), Miki Leon (Levin), Roni Eynav (Kiti), Nikita Qoldman (Səyyah) rollar alıb.
Tamaşa tam dolu zalda nümayiş etdirilib və “BIAF 2025” festivalının mədəni proqramının əsas hadisələrindən birinə çevrilib. Tamaşaçılar Lev Tolstoyun klassik romanının dərin və qeyri-adi interpretasiyasına şahidlik ediblər. Zalda hər kəs nəfəsini tutaraq səhnədə baş verənləri izləyir, tamaşa bitdikdən sonra isə ayaqüstə alqışlarla aktyorları səhnədən çıxmağa qoymurdular.
“Geşer” teatrının Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsindəki uğurlu çıxışı “BIAF 2025” Bakı incəsənət festivalının yüksək beynəlxalq statusunu bir daha təsdiqlədi.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.