BAKI, 15 noyabr. TELEQRAF
Dünyanın ən böyük hedcinq fondlarından biri olan "Bridgewater Associates"-in təsisçisi Rey Dalio hesab edir ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının iqtisadi siyasəti milli borcun 55 trilyon dollara qədər artmasına səbəb ola bilər.
Teleqraf xəbər verir ki, investor Braziliyanın "O Globo" qəzetinə müsahibə verib
"Böyük Gözəl Qanun Aktı (ABŞ hökumətinin xərclərinə dair qanun iyulda qəbul edilib) potensial olaraq dövlət borcunu 36 trilyon dollardan 55 trilyon dollara qədər artıra bilər. Bundan əvvəl isə borc və valyuta böhranı olacaq", - o deyib .
Bu arada, ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilən məlumata görə, dövlət borcunun həcmi artıq 38 trilyon dolları keçib.
Dalionun sözlərinə görə, ABŞ iqtisadi çöküş təhlükəsi ilə üz-üzədir, çünki tezliklə “faiz ödənişləri digər xərcləri boğmağa başlayacaq və bu, maliyyə sisteminin iflicinə gətirib çıxaracaq”.
"Bu, çox güman ki, hökuməti daha çox pul çap etməyə, onu devalvasiya etməyə və istiqrazları dəyərsizləşdirməyə məcbur edəcək", - ekspert vurğulayıb.
O əlavə edib ki, birgə səylərlə böhrandan çıxmaq üçün ABŞ siyasi dairələri arasında kompromis əldə olunacağını gözləmir.
"Respublikaçılar və demokratlar başa düşürlər ki, borc və kəsir problemini eyni vaxtda ikipartiyalı konsensus əsasında gəlirləri artırmadan və xərcləri azaltmadan həll etmək mümkün deyil. Lakin siyasi həyat son dərəcə radikallaşdığından onlar bu yolu tuta bilməyəcəklərini başa düşürlər. Ona görə də mən nikbin deyiləm. 2026-cı il qanunvericilik seçkiləri olacaq, lakin o vaxta qədər heç nə dəyişməyəcək”, – Dalio yekunlaşdırıb.