AZ

Qarnı doyub, gözü doymayan məmur

ain.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Alimlər çoxdan sübut ediblər: yemək insanı xoşbəxt edir.

Altmış iki il əvvəl çəkilmiş "Əhməd haradadır?" filminin müsbət qəhrəmanlarından olan Şirin kişi də ipə-sapa yatmayan oğlunu bir boşqab yeməklə yola gətirmək istəmişdi...

"Mən yemək üçün yaşamıram, yaşamaq üçün yeyirəm" deyən adamların hamıdan çox yediyini azı yüz dəfə görmüşəm...

Yaşayıb-yaratmaq, bir işin qulpundan yapışmaq üçün insanın qidalanması vacibdir. Amma elə adamlar var ki, onlar yemirlər, təpişdirirlər. Elə adamlar da var ki, nə qədər yesələr də gözləri doymur...

Türkiyədə Rasim Arı adlı bir bələdiyyə sədri var. Hakimiyyətin siyasətini bəyənməyən müxalif İyi Partiyanın üzvüdür. Səksən milyonluq türk xalqını inandırmağa çalışırlar ki, onlar hakimiyyətə gəlsə, xalqın güzəranı iyi olacaq...

İki il əvvəl Nevşehir əhalisi bu Rasim Arını bələdiyyə sədri seçdi ki, camaatın problemlərini həll eləsin. Rasim yoldaşın Nevşehir əhalisinin hansı problemini həll etdiyini bilmirəm. Bildiyim odur ki, bu iki ildə özünə yaxşı gün ağlayıb. Altında bahalı maşın var. Lüks evdə yasayir. Nəinki axşam yeməyini, hətta səhər yeməyini də restoranda yeyir.

Rasim müəllim ötən gün üç dostu ilə qəhvəaltı edib. Dünəndən Türkiyə mətbuatı həmin məclisdən yazır. Məlum olub ki, bələdiyyə sədrinin süfrəsində 100-dən çox yemək çeşidi olub.

Masada10 kasa yağ, 10 kasa qaymaq, 10 kasa isti və soyuq şkolad varmış. Zeytun, yumurta, pendir, qazan yeməkləri yan-yana düzülüb. Afrikadan banan, Ərəbistandan düyü, Hindistandan çay gətirdib. Şirniyyat çeşidlərinin sayı-hesabı olmayıb. Üç nəfər üçün süfrəyə nə az, nə çox, düz 10 kasa bal qoyulub. Yəqin elə bilir ki, soyadı Arı olduğu üçün Türkiyədə bütün arılar buna işləyir...

Görəsən, Rasim müəllim masadakı 10 kasa balın, 10 kasa yağın, 10 kasa qaymağın hərəsindən bir qaşıq yeyib?

İnanmıram.

Yesəydi, çoxdan partlamaya düşmüşdü...

Bunun adı görməmişlikdir. İnsanın qarnı doyub gözü doymayanda bu cür dilə-dişə düşür...

Məmur acgöz oldusa, vay xalqın halına...

Hacı Qulam

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
yenisabah.az

2Mənbələr