İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, bu günə qədər İranın nüvə məsələsi üzrə hərbi yolla həll mümkün deyil və yeganə çıxış yolu ədalətli diplomatiyadır. O, bu fikirləri beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.
İran KİV-inə istinadən “Ölkə.az” xəbər verir ki, nazirin sözlərinə görə, tərəflərdən birinin şərtlərini digərlərinə zorla qəbul etdirmək cəhdi sülh prosesini dalana salır:
“Nüvə texnologiyalarının inkişafı və uranın zənginləşdirilməsi hüququmuzdan imtina etməyəcəyik. Biz 12 günlük İsrail müharibəsi dövründən daha güclüyük”, – Əraqçi bildirib. O, həmçinin ABŞ və İsrailin İranın nüvə proqramını sıradan çıxarmaq səylərinin nəticə vermədiyini vurğulayıb.
“Danışıqlar kompromis tələb edir”
Nazir qeyd edib ki, İran həmişə masa arxasına oturmağa hazır olduğunu nümayiş etdirib. Lakin onun fikrincə, diplomatik proses döyüş meydanında əldə olunmayan məqsədləri diktə etmək üçün alətə çevrilməməlidir:
“Danışıqlarda kompromis və qarşılıqlı fayda prinsipi var. Heç bir tərəf bütün istəklərini tam şəkildə reallaşdıra bilməz.”
Nüvə Proqramının Hüquqi Əsasları
Əraqçi xatırladıb ki, İranın nüvə proqramı Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) 4-cü maddəsində təsbit olunan hüquqlara dayanır:
“Sülh məqsədli nüvə texnologiyalarının inkişafı, o cümlədən zənginləşdirmə, İran xalqının ayrılmaz haqqıdır. Bu hüquqdan heç vaxt imtina etməmişik və etməyəcəyik.”
İsrail və ABŞ-a ittihamlar
Nazir çıxışının sonunda ABŞ və İsrailin siyasətinə toxunaraq bildirib ki, Tel-Əviv Vaşinqtonun dəstəyi ilə bölgədə geosiyasi məqsədlərini həyata keçirməyə çalışır:
“İsrail beynəlxalq hüququn prinsiplərini pozur, ABŞ isə regionda dağıdıcı siyasət yürüdərək Tehrana öz şərtlərini güc yolu ilə qəbul etdirməyə çalışır.”
Leyla
Ölkə.az