Ajans.az xəbər verir ki, bu barədə "The Telegraph"ın yazarı Semyuel Ramani bildirib. Qeyd olunur ki, şəhərin mümkün itkisi qısa müddətdə cəbhənin ümumi dinamikasını köklü şəkildə dəyişməsə də, Ukrayna cəmiyyəti və dövlət strukturlarında mənəvi sarsıntını daha da dərinləşdirə bilər. Hərbi analitiklərin əksəriyyəti hesab edir ki, Rusiya Pokrovsk istiqamətində irəliləsə də, bunu çox böyük itkilər hesabına başa gətirir. Buna baxmayaraq, şəhərin ələ keçirilməsi Rusiyaya müəyyən logistik üstünlüklər verə bilər. Pokrovsk Donetskin qərb hissəsində əsas nəqliyyat qovşaqlarından biridir. Burada həm dəmir yolu xətti, həm də Konstantinivka, Donetsk, Dnepr və Zaporojyeyə gedən magistrallar kəsişir. Mütəxəssislər bildirirlər ki, şəhərin itirilməsi Ukrayna qüvvələrinin mövqelərə çatmasını çətinləşdirir, yaralıların təxliyəsini isə daha riskli edir. Amerikanın Müharibə Araşdırmaları İnstitutunun (ISW) qiymətləndirməsinə görə, Rusiya artıq 2025-ci ilin iyulunda Ukraynanı Pokrovskdan əsas logistik mərkəz kimi istifadə etmə imkanından məhrum etmişdi. Şəhərin tam itirilməsi bu mənzərəni yalnız qismən gücləndirə bilər. Ukrayna isə hələ də Slavyansk və Kramatorsk kimi strateji şəhərlərə nəzarəti qoruyur. Bu isə Moskvanın Donbas üzərində tam dominasiya məqsədindən hələ uzaq olduğunu göstərir. Bildirilir ki, Pokrovskın itkisi prezident Volodimir Zelenski ilə hərbi rəhbərlik arasında mövcud fikir ayrılıqlarını daha da kəskinləşdirə bilər. O, Baxmut əməliyyatı zamanı Zelenski ilə keçmiş Baş Komandan Valeri Zalujnı arasında yaşanmış ziddiyyətləri xatırladır: prezident şəhəri “qalaya çevirmək” strategiyasını müdafiə edirdi, Zalujnı isə canlı qüvvə itkisini azaltmaq üçün geri çəkilməyi təklif edirdi. Müəllifin fikrincə, Pokrovskın mümkün itkisi bu ziddiyyətləri yenidən gündəmə gətirə bilər və müharibə fonunda Ukraynada siyasi sabitliyə əlavə təzyiq yarada bilər.