AZ

Milli Dirçəliş Gününün Müstəqilliyə aparan yolun başlanğıcı

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Ermənilərin 1988-ci ilin noyabrında Şuşanın Topxana meşəsində tikinti işləri aparmaq məqsədilə ağacları kəsməyə başlaması və mətbuatda bu barədə məlumatın dərc edilməsi xalqımızda böyük hiddət doğurdu.

Yüz minlərlə insan paytaxtın baş meydanına axışaraq bu hadisəyə etirazını bildirdi. Noyabrın 17-dən dekabrın 4-dək həmin meydanda izdihamlı etiraz mitinqləri keçirildi, xalqın ayrı-ayrı təbəqələrinin nümayəndələri tribunaya çıxaraq bu özbaşınalığın və qanunsuzluğun qarşısının alınmasını tələb etdilər. Meydanda 18 gün fasiləsiz davam edən etiraz aksiyalarında milli azadlıqla bağlı şüarlar səsləndirildi.

Həmin hərəkat keçmiş Sovet İttifaqında ən genişmiqyaslı kütləvi aksiya idi. 1988-ci il noyabrın 17-də başlanan həmin hadisə Azərbaycanın tarixinə milli dirçəliş aksiyaları kimi düşdü. Öz haqqına, azadlığına və torpaqlarına sahib çıxmaq istəyən yurdumuzun oğul və qızları müqəddəs ideallar naminə yumruq kimi birləşərək birlik və bərabərlik arzularını bütün dünyaya nümayiş etdirdilər. Xalqımız 70 il onun əl-qolunu bağlayan imperiya buxovlarından və əsarət zəncirindən azad olmaq istəyirdi. Azərbaycanda meydan hərəkatı geniş vüsət aldı. Bundan qorxuya düşən ovaxtkı ittifaq dövlətinin rəhbərləri Bakıya qoşun yeritdilər, SSRİ-nin müxtəlif ərazilərindən dislokasiya edilmiş Daxili Qoşun Qüvvələri dekabrın 3-dən 4-nə keçən gecə meydana daxil olaraq mitinqi dağıtdı. Bakıda fövqəladə vəziyyət elan edildi.

Uzun müddət davam edən mitinqlər daxili qoşunlar tərəfindən dağıdılsa da, Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını almaq mümkün olmadı. İlk dəfə həmin meydanda üçrəngli Azərbaycan bayrağı dalğalandı, azadlıq, müstəqillik arzuları səsləndi. Bakının ən böyük meydanının adı dəyişilərək Azadlıq meydanı oldu. Bütün sahələrdə milli dirçəliş və oyanış başlandı. Noyabrın 17-də başlanılan həmin hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır. Meydan hərəkatı tariximizdə Milli Dirçəliş Günü kimi təsdiqini tapdı, Azərbaycan xalqının tarixi yaddaşının oyanmasında, istiqlaliyyət mübarizəsində bir hadisə oldu.

XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Çoxlu sayda insanın toplaşdığı Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası ilə bağlı milli düşüncəyə hakim kəsildi.

"Newsweek" jurnalının 25 dekabr 1989-cu il buraxılışının üz qabığında "Standing up for freedom People of the Year" sözləri yazılmışdı. Üz şəklində doğrudan da Bakının şəkli verilib və "People of the Year" (İlin xalqı) yazılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
6
bizimyol.info

7Mənbələr