AZ

Araşdırma: Son iki ildə kriptobirjalara ən azı 28 milyard dollar “qara pul” daxil olub...

Hakerlər, dələduzlar və şantajçılar vəsaitləri Binance və digər nəhəng platformalara yönləndirib…

Poliqon xəbər verir ki, Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumu (ICIJ), The New York Times və dünyanın 36 media qurumunun apardığı geniş təhlilə görə, son iki ildə kriptovalyuta birjalarına azı 28 milyard dollar həcmində qanunsuz mənşəli vəsait daxil olub. Analiz göstərib ki, bu pullar haker hücumlarından, oğurluq əməliyyatlarından və beynəlxalq şantajçılardan qaynaqlanır.

Araşdırma çərçivəsində vəsaitlərin izləri Şimali Koreyanın kibercinayətkar qruplarına, eləcə də fəaliyyət arealı Minnesota ştatından Myanmaya qədər uzanan nizamlanmamış dələduz şəbəkələrinə qədər aparılıb. Məlum olub ki, bu qruplar əldə etdikləri vəsaitləri dəfələrlə dünyanın ən iri kriptobirjalarına ötürüblər.

Qanunsuz pulların qəbul etdiyi platformalar arasında dünyanın ən böyük kriptobirjası Binance də var. Qeyd olunub ki, Binance bu ilin may ayında Donald Trampın kriptovalyuta şirkəti ilə 2 milyard dollarlıq əməliyyatda iştirak edib. Təhlilə əsasən, vəsaitlər OKX də daxil olmaqla ən azı səkkiz böyük birjaya daxil olub.

Kriptovalyuta araşdırma şirkəti zeroShadowun həmtəsisçisi Culiya Hardi bildirib ki, hüquq-mühafizə orqanları bu qədər böyük həcmdə cinayətkar fəaliyyətlə mübarizədə aciz qalır: “Bu cür davam edə bilməz”.

Araşdırma həm də göstərir ki, vəziyyət ABŞ administrasiyasının siyasəti ilə daha da mürəkkəbləşib. Prezident Donald Tramp kriptovalyutanı ailə biznesinin əsas dayaqlarından birinə çevirib və sektora qarşı tənzimləyici təzyiqi demək olar ki, tamamilə aradan qaldırıb. Bundan əlavə, onun administrasiyası hüquq-mühafizə orqanlarının kriptocinəayətkarları izləmə və cəzalandırma imkanlarını zəiflədib.

Mütəxəssislər xəbərdarlıq edir ki, kriptovalyuta trafikinin bu miqyası qlobal maliyyə təhlükəsizliyi üçün ciddi risk yaradır və tənzimləyici orqanların fəaliyyətinin gücləndirilməsi zəruridir.

Poliqon.info

Seçilən
47
poliqon.info

1Mənbələr