AZ

Azərbaycanın praqmatik siyasəti Cənubi Qafqaz ilə Mərkəzi Asiyanın strateji inteqrasiyasını sürətləndirir - DEPUTAT

Mərkəzi Asiya regionu artıq qlobal siyasətin yeni mərkəzlərindən birinə çevrilərək qlobal enerji, nəqliyyat və iqtisadi sisteminin mühüm məkanı kimi çıxış edir. Bu geniş coğrafiyada tarixi əlaqələrə, mədəni yaxınlığa və strateji əməkdaşlıq təcrübəsinə söykənən münasibətlər qarşılıqlı etimadın və siyasi iradənin güclənməsi ilə daha da möhkəmlənir. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsi məhz bu reallığın fonunda regionun gələcək əməkdaşlıq modelini müəyyənləşdirən strateji istiqamət kimi səciyyələnir. Müsahibə regional güc balansının dəyişdiyi bir zamanda türk dünyasının inteqrasiyası, Xəzər hövzəsi əməkdaşlığı, nəqliyyat dəhlizlərinin artan əhəmiyyəti və müttəfiqlik münasibətlərinin institusionallaşması baxımından çoxşaxəli mesajlarla zəngindir.

Tarixi proseslərə nəzər yetirdikdə məlum olur ki, türk xalqları əsrlər boyu geniş coğrafiyada birgə yaşamış, siyasi-iqtisadi və mədəni inteqrasiya mühüm rol oynamışdır. Sözügedən müsahibədə Prezident İlham Əliyevin vurğuladığı kimi, ilk baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayırsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici amildir. Bu su hövzəsi qədim ticarət yollarının mərkəzi, etnik-mədəni əlaqələrin daşıyıcısı, eyni zamanda enerji resurslarının təhlükəsiz tranziti üçün mühüm qovşağa çevrilib. Xəzər yalnız coğrafi anlayış deyil, regionun tarixi birlik duyğusunun, müasir iqtisadi sinerjisinin və strateji əməkdaşlıq modelinin təzahürüdür. Dövlətimizin başçısının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə mütəmadi iştirakı inteqrasiyanın siyasi əsasının getdikcə gücləndiyini göstərir. 2023-cü ildə Düşənbə, 2024-cü ildə Astana və qarşıdakı görüşün Daşkənddə keçirilməsi türk dünyasında kollektiv siyasi mədəniyyətin formalaşmasına və vahid regional gündəmin yaranmasına zəmin yaradır.

Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşü həm yüksək səviyyəli bir toplantı, həm də bölgənin siyasi gələcəyini müəyyən edən strateji platformadır. Həmin formatda qəbul edilən qərarlar region ölkələrinin bir-birinə artan etimadını, siyasi ambisiyaların uyğunlaşmasını və birgə inkişaf vizyonunu nümayiş etdirir.

Prezident İlham Əliyevin müsahibəsində qeyd olunan mövzulardan biri Özbəkistanla münasibətlərin müttəfiqlik səviyyəsinə çatmasıdır. Ölkələrarası əlaqələr yalnız rəsmi dövlət sənədlərinə deyil, dərin tarixi köklərə, mədəni yaxınlığa və ortaq mənəvi dəyərlərə söykənir. Bizi birləşdirən ortaq dil, folklor və etnik əlaqələr, həm də əsrlər boyu formalaşan qarşılıqlı hörmət ənənələridir. Bu münasibətlərin müasir mərhələdə daha da möhkəmlənməsinin əsas səbəblərindən biri dövlət başçıları arasında formalaşmış şəxsi dostluq və etimad mühitidir. Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında səmimi münasibətlər ikitərəfli əməkdaşlığı intensivləşdirir, regionda strateji vahidlik yaradan əsas siyasi faktorlardan birinə çevrilir.

Qardaş ölkənin dövlət başçısı tərəfindən son bir il yarım ərzində Azərbayacana beş səfərin baş tutması liderlərin regional proseslərə verdiyi əhəmiyyəti və münasibətlərin strateji mahiyyətini nümayiş etdirir. İki ölkə arasında imzalanan sənədlər, o cümlədən Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” qarşılıqlı əməkdaşlığın hüquqi və institusional çərçivəsini daha da gücləndirib və uzunmüddətli strateji tərəfdaşlıq xəritəsini müəyyənləşdirib. Müsahibədə dövlətimizin başçısının vurğuladığı kimi, qısa müddət ərzində çox böyük işlər görüldü: “Bütün bu qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistan münasibətlərinin həm ikitərəfli əsasda, həm də Mərkəzi Asiya və Xəzər regionu da daxil olmaqla, vahid coğrafi məkanda yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından bütün sahələrdə möhkəmləndirilməsinə əhəmiyyətli təkan verib”.

Ali Dövlətlərarası Şura dövlətlərarası əməkdaşlığın strukturlaşdırılması baxımından əhəmiyyətli siyasi mexanizmdir. Bu qurum qarşılıqlı səfərlər çərçivəsində keçirilən iclaslarla iki ölkə arasında əməkdaşlıq strategiyasına sistemli yanaşmanı təmin edir. Daşkənd və Bakıda baş tutan görüşlər Şuranın fəaliyyət mexanizmlərini daha da gücləndirib. Bu struktur vasitəsilə ticarət, sənaye, nəqliyyat, energetika, humanitar sahələrdə koordinasiya daha səmərəli həyata keçirilir, proseslərin idarəetməsində çeviklik artır.

Müsahibədə mühüm məqamlardan biri Özbəkistanın Qarabağın bərpasında nümayiş etdirdiyi qardaşlıq təəssübkeşliyidir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikintisi infrastruktur layihəsi olmaqla xalqlar arasında mənəvi körpü rolunu oynayan unikal jestdir. Bu təşəbbüsü ilk irəli sürən ölkə məhz Özbəkistan olub və həmin faktor iki dövlət arasında münasibətlərin səmimi mahiyyətini göstərir. Sözügedən layihə həm də Qarabağın yenidən qurulmasında türk dünyasının həmrəyliyini ifadə edən mühüm addımdır.

İqtisadi göstəricilərə nəzər saldıqda tərəfdaşlığın getdikcə genişləndiyi aydın görünür. 2024-cü ildə əmtəə dövriyyəsi 252 milyon dollara çatıb, 2025-ci ilin ilk 9 ayı ərzində isə bu rəqəm 87,5 faiz artaraq 319 milyon dollar səviyyəsinə yüksəlib. Həmin artım iqtisadi münasibətlərin real sektorlara nüfuz etməsinin, sənaye və ticari əlaqələrin genişlənməsinin göstəricisidir.

Sərmayə əməkdaşlığı da yüksələn xətt üzrə davam edir, Özbəkistanın Azərbaycana yatırdığı 21,8 milyon dollar və qarşı tərəfə yönələn 183,5 milyon dollarlıq sərmayə regional iqtisadi sinerjinin gücləndiyini göstərir. Ölkələrimizin daxilində, həm də üçüncü ölkələrdə sərmayə qoyuluşunu nəzərdə tutan ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti isə Avrasiya iqtisadi məkanında yeni sənaye və istehsal modellərinin formalaşmasına şərait yaradır. Xankəndidə fəaliyyət göstərən birgə tikiş fabriki isə həm iqtisadi, həm də sosial-humanitar baxımdan xüsusi əhəmiyyət daşıyır. Çünki yeni iş yerləri yaradılır, həm də bu amil türk dünyasının həmrəyliyinin praktiki təcəssümünə çevrilir.

Hər iki ölkə Türk Dövlətləri Təşkilatında fəal mövqe tutaraq türk dünyasının siyasi birliyinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verir. Bu qurumdakı əməkdaşlıq mədəni və humanitar sahələri, həm də nəqliyyat, enerji, müdafiə, rəqəmsal iqtisadiyyat kimi strateji sektorları əhatə edir. Bununla yanaşı, BMT, Qoşulmama Hərəkatı, İƏT və digər beynəlxalq platformalarda qarşılıqlı siyasi dəstək iki dövlətin qlobal gündəmdə sinxron fəaliyyətini təmin edir.

Hökumətlərarası Komissiyanın aktiv fəaliyyəti, Azərbaycan–Özbəkistan Regional Forumunun mütəmadi keçirilməsi əməkdaşlıq üçün real iqtisadi platformalar yaradır. Bu qurumlar vasitəsilə yeni layihələr müəyyənləşdirilir, bölgələr arasında biznes əlaqələri genişlənir, sənaye, nəqliyyat, kənd təsərrüfatı və xidmət sahələri üzrə konkret addımlar atılır.

Prezident İlham Əliyevin qarşıdakı Daşkənd səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçəcəyindən xəbər verir. Özbəkistanda aparılan genişmiqyaslı islahatlar, modernləşmə siyasəti və artan beynəlxalq nüfuz ikitərəfli əməkdaşlıq üçün daha geniş imkanlar açır. Səfərin nəticələri həm siyasi koordinasiyanın, həm iqtisadi tərəfdaşlığın, həm də regional inteqrasiyanın daha da dərinləşməsinə xidmət edəcək.

Heydər Əsədov
Milli Məclisin deputatı

Seçilən
4
50
sabahinfo.az

10Mənbələr