AZ

Edlam Yemeru: Bakı unikal şəhər və forum üçün xüsusi məkandır  

Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edən şəhər və ölkə ciddi, rəqabətli proses nəticəsində seçilir. Maraqlı ölkələr və şəhərlər müraciətlərini, təkliflərini BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) təqdim edirlər. “UN-Habitat” bu müraciətləri ətraflı və diqqətlə qiymətləndirir. Əsas meyarlar ev sahibi şəhər və ölkənin dayanıqlı şəhər inkişafına, davamlı şəhərlərdə irəliləyişə, uyğun mənzil təminatına və əlaqəli məsələlərə sadiqliyidir.

AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Xarici əlaqələr, strategiya, bilik və innovasiya departamentinin direktoru Edlam Yemeru BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) barədə Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus nümayəndələri üçün hibrid formatda məlumatlandırma sessiyasında bildirib.

Edlam Yemeru qeyd edib ki, bu meyarlar əsasında Azərbaycan bütün tələbləri tam şəkildə yerinə yetirib. “Biz inanırıq ki, Azərbaycan dayanıqlı şəhər inkişafı və uyğun mənzil təminatı sahəsində güclü strategiya nümayiş etdirir. Bakı unikal şəhər və forum üçün xüsusi məkandır. Çünki mədəniyyət ilə müasirliyi, ənənə ilə innovasiyanı birləşdirir, dayanıqlı şəhər inkişafı üçün çoxsaylı perspektivlər və həllər təklif edir. Bunlar Bakı və Azərbaycanın Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etmək üçün seçilməsinin əsas səbəbləridir", - deyə Edlam Yemeru bildirib.

Onun sözlərinə görə, forum yalnız Azərbaycan üçün deyil, bütün Mərkəzi Asiya regionu üçün böyük imkanlar təqdim edir: “Bu, Azərbaycanın eləcə də regionun təcrübələrini və həll yollarını dünyanın digər ölkələr ilə paylaşmaq üçün mühüm fürsətdir. Eyni zamanda, Azərbaycan və qonşu ölkələr üçün dayanıqlı şəhər inkişafı və uyğun mənzil təminatı məsələlərində birlikdə əməkdaşlıq etmək üçün strateji fürsətdir. Biz inanırıq ki, Ümumdünya Şəhərsalma Forumu ölkədə və regionda həm siyasət sahəsində, həm də uyğun mənzil təminatı və dayanıqlı şəhər inkişafında irəliləyişi təşviq etmək baxımından böyük təsir göstərəcək”.

Seçilən
16
2
azerbaijan-news.az

3Mənbələr