Bakı, 17 noyabr, Pərvanə Qafarova, AZƏRTAC
Azərbaycan MDB regionunda ilk dəfə keçirilən Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı – WTDC25-ə ev sahibliyi etməklə qlobal rəqəmsal inkişaf xəritəsində özünün lider mövqeyini möhkəmləndirir.
AZƏRTAC xəbər verir ki, bu fikri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda WTDC25-in açılışına həsr olunmuş mətbuat konfransında deyib.
Nazir müavini qeyd edib ki, Bakıda keçirilən bu tədbir Azərbaycanın qlobal rəqəmsal transformasiyada vacib tərəfdaş olduğunu bir daha göstərir. “Azərbaycanın bütün ərazisində genişzolaqlı internetin mövcudluğu, Data mərkəzlərinin inkişafı və rəqəmsal xidmətlərin genişlənməsi ölkəmizi regionda innovativ mərkəzə çevirib”, – deyə o vurğulayıb.
Saməddin Əsədov WTDC25-in qlobal rəqəmsal bərabərsizliyin azaldılmasına töhfə verəcəyini və Azərbaycanın bu prosesdə fəal iştirak etdiyini bildirib.