Maduro ilə bəzi danışıqlar apara bilərik və nə olacağını görəcəyik - ABŞ Prezidenti
ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduro ilə danışıqlar apardığını açıqlayıb.
"Maduro ilə bəzi danışıqlar apara bilərik və nə olacağını görəcəyik. Onlar danışmaq istəyirlər", - deyə Ağ Ev rəhbəri Florida ştatının Palm Biç şəhərindəki malikanəsində jurnalistlərə bildirib.
Venesuela ilə bağlı "potensial variantları" Konqreslə müzakirə edib-etmədiyi soruşulduqda, Amerika lideri "administrasiya Konqresi məlumatlandırmaq istəyir" cavabını verib.
Prezident dövlət katibi Marko Rubioya qanunvericiləri məlumatlandırmağı tapşırdığını təsdiqləyib. "Bizə mütləq onların təsdiqi lazım deyil, amma düşünürəm ki, onları məlumatlandırmaq yaxşı bir şeydir. Onların etmələrini istəmədiyim tək şey, orduya, Mərkəzi Kəşfiyyat İdarəsinə və digər qurumlara təhlükə yarada biləcək çox həssas və məxfi məlumatların sızdırılmasıdır", - deyə Ağ Ev rəhbəri bildirib.
Tramp həmçinin Venesuelanın "demək olar ki, bütün həbsxana əhalisini" ABŞ-yə göndərdiyini iddia edərək, keçmiş prezident Co Bayden administrasiyasını "ölkəyə 20-25 milyon insanın axın etməsinə icazə verməkdə" günahlandırıb.
Prezident Donald Tramp əvvəllər imzalanmış sərəncama uyğun olaraq, ABŞ ordusunun Latın Amerikası narkotik kartellərinə qarşı əməliyyatlarda iştirakının genişləndirilməsini əmr edib.
Avqustun sonunda ABŞ Venesuela sahillərinə sualtı qayıq və hərbi gəmilər də daxil olmaqla dəniz qüvvələri göndərib.
Müdafiə naziri Pit Heqset ABŞ ordusunun Venesueladakı əməliyyatlara, o cümlədən "rejim dəyişikliyinə" hazır olduğunu bildirib.
Cavab olaraq, Venesuela Prezidenti Nikolas Maduro 4,5 milyon milis döyüşçüsünün səfərbər olunduğunu elan edib və istənilən hücumu dəf etməyə hazır olduğunu vurğulayıb.
Narkotika qaçaqmalçılığına qarşı mübarizə adl ilə Venesuela sularında gəmilərə qarşı ABŞ-nin davam edən hərəkətləri Karakas və beynəlxalq ictimaiyyətin kəskin reaksiyasına səbəb olub və onlar bu cür hücumları "beynəlxalq hüququn pozulması" kimi qiymətləndirirlər.
Media ABŞ Hərbi Dəniz Qüvvələrinin ən böyük təyyarədaşıyan gəmisi olan USS Gerald R. Ford və onu müşayiət edən zərbə qrupunun Latın Amerikasına "narkotik əleyhinə əməliyyat" çərçivəsində gəldiyini bildirib.
Rizvan CƏFƏROV,
"Azərbaycan"