Bu gün Bakıda, Milli Gimnastika Arenasında Dünya Badminton Federasiyasının (BWF) parabadminton üzrə Texniki Seminarına start verilib. 17–19 noyabr tarixlərini əhatə edəcək beynəlxalq mərasimdə Avropanın 15-dən çox ölkəsindən 55-ə yaxın nümayəndə – o cümlədən parabadmintonçular və bu idman növü üzrə mütəxəssislər iştirak edir.
Seminar Beynəlxalq Paralimpiya Komitəsi (IPC), Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi (GİN), Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (ARMPK), Dünya Badminton Federasiyası (BWF), Avropa Badminton Konfederasiyası (Badminton Europe) və Azərbaycan Badminton Federasiyasının birgə dəstəyi ilə təşkil olunub. Üç gün ərzində parabadmintonun inkişafı, məşqçilik bacarıqlarının artırılması, idmançıların təsnifatı və yarışların idarə olunması mövzularında nəzəri və praktik sessiyalar keçiriləcək.
Açılış mərasimində çıxış edən Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov və Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev iştirakçıları salamlayaraq seminarın ölkəmizdə təşkilinin əhəmiyyətini vurğuladılar, bu təşəbbüsə verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə təşəkkürlərini bildirdilər.
Seminarın keçirilməsində məqsəd milli badminton federasiyaları və paralimpiya qurumlarını bir araya gətirərək bu sahə üzrə bilik və təcrübə mübadiləsini genişləndirmək, fiziki məhdudiyyətli şəxslərin idmana inteqrasiyasını təşviq etməkdir. İştirakçılar qarşıdakı 3 gün ərzində müasir yanaşmalar, yeni qaydalar və məşq metodikaları ilə tanış olacaqlar.
Azərbaycan son illərdə bir sıra beynəlxalq badminton tədbirlərinə ev sahibliyi etməklə regionda bu idman növü üzrə badminton mərkəzlərindən biri kimi mövqeyini möhkəmləndirir. Bu seminar da inklüziv idmanın və para badmintonun inkişafına töhfə vermək məqsədi daşıyır.
Seminara noyabrın 19-da yekun vurulacaq.
Qabil YUSİFOĞLU
XQ