AZ

"1988-ci il hadisələri Azərbaycan xalqının birlik və qətiyyətinin simvoluna çevrildi" - ŞƏRH EDİLDİ

"Milli Dirçəliş Günü təsadüfi deyil. 1987-ci ildə Ulu Öndər Heydər Əliyev SSRİ hakimiyyətindən uzaqlaşdırıldıqdan sonra erməni millətçiləri Azərbaycan torpaqlarına iddialarını açıq şəkildə ortaya qoydular. Bu məsələdə SSRİ rəhbəri Mixail Qorbaçov da Ermənistanı ciddi şəkildə dəstəkləyirdi". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, erməni millətçiləri təkcə mitinqlər keçirməklə kifayətlənməyib, Dağlıq Qarabağda Azərbaycanın mərkəzi hakimiyyətini sıxışdırmağa və Ermənistanın Azərbaycana daxili müdaxiləsinə şərait yaratmağa başladılar. Bununla belə, Azərbaycan xalqı buna öz etirazını bildirməyə başladı - mitinqlər, iclaslar, mərkəzi hakimiyyətə müraciətlər edildi. Lakin nəticə vermədi: "1988-ci ilin noyabrın 17-dən başlayaraq dekabrın 5-dək milyonlarla azərbaycanlı Bakının Azadlıq meydanına toplaşaraq SSRİ hakimiyyətinə kütləvi etiraz etdi. Bu, xalqın birliyi, torpaq və suverenlik uğrunda qətiyyətini göstərdi. Lakin o dövrdə Azərbaycanın rəhbərliyi xalq hərəkatına başçılıq edə biləcək gücdə deyildi, bu da problemin daha da dərinləşməsinə səbəb oldu.

Bu gün Azərbaycanın Mərkəzi Asiya Dövlətləri Birliyinə bərabərhüquqlu üzv qəbul edilməsi də ölkəmizin düzgün yolda olduğunu, xalqın etimadının qarşılığını aldığını göstərir. 1988-ci ildən bu günə qədər xalqımıza qarşı edilən ədalətsizliklər artıq aradan qaldırılıb və Azərbaycan layiq olduğu mövqeyi qazanıb. Həmin dövrdə tez-tez Heydər Əliyevin adı çəkilirdi: “Əgər o hakimiyyətdə olsaydı, bu hadisələr baş verməzdi, ya da qarşısı vaxtında alınardı.” 1990-cı il yanvarın 21-də Heydər Əliyevin Moskvada verdiyi bəyanat SSRİ rəhbərliyinin Azərbaycana qarşı ədalətsizliyini ifşa etdi. Bu, xalqın bir lideri olduğunu göstərdi.

Heydər Əliyevin Naxçıvanda fəaliyyətə başlaması, Xocalı soyqırımına siyasi qiymət verməsi, yeni atributlarımızın (bayraq, gerb) gündəmə gətirilməsi və Azərbaycanın haqq səsinin dünyaya çatdırılması vəziyyəti dəyişdirməyə başladı. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ərazi bütövlüyü uğrunda mübarizə yeni mərhələyə qədəm qoydu və bu, 2020-ci ilin 8 noyabrında əldə olunan böyük zəfərlə nəticələndi. Bu zəfərə xalq ağır, amma qətiyyətli yolla gəldi və 1988-ci il noyabr-dekabr hadisələrinin bu prosesdə xüsusi rolu oldu. 1988-ci il xalqın birliyinin simvoluna çevrildi. Həmin dövrün nəticələrinə görə, bir sıra beynəlxalq nəşrlər Azərbaycan xalqını “ilin xalqı” adlandırdılar. Əslində, Azərbaycan xalqı təkcə 1988-ci ilin yox, bu günə qədər hər ilin xalqıdır. Torpaq uğrunda mübarizəsi, iradəsi və qazandığı nüfuzla bunu sübut edir".

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
18
sia.az

1Mənbələr