AZ

Özbəkistan Azərbaycan üçün etibarlı və qardaş ölkədir

Ses qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyi UzA-ya verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin bütün sahələr üzrə yüksələn xəttlə inkişaf etdiyini göstərir. Müsahibədə dövlət başçısı iki ölkə arasında mövcud olan dərin tarixi, mədəni və geosiyasi bağlardan danışaraq vurğulayıb ki, Azərbaycan ilə Özbəkistanı qardaşlıq və etibarlı tərəfdaşlıq münasibətləri birləşdirir. Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə də toxunaraq bu formatda artıq üçüncü dəfə iştirak edəcəyini bildirib və qeyd edib ki, Azərbaycana bu toplantıda iştirak etmək üçün dəvət olunması ölkəmizə olan rəğbətin və inamın göstəricisidir. Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir və bu münasibətlər təkcə qonşuluq deyil, ortaq tarixi-mədəni dəyərlər üzərində qurulub. Prezident Xəzər dənizinin region ölkələrini ayıran deyil, əksinə birləşdirən qüvvə olduğunu bildirib və onun iqtisadi, siyasi və logistik baxımdan strateji əhəmiyyət daşıdığını vurğulayıb. O, Azərbaycan–Özbəkistan münasibətlərinə xüsusi diqqət ayıraraq bildirib ki, Özbəkistan Azərbaycan üçün etibarlı, sadiq və qardaş dövlətdir. Şavkat Mirziyoyev ilə şəxsi dostluq münasibətlərinin bu əməkdaşlığın inkişafında mühüm rol oynadığını qeyd edən dövlət başçısı hər iki ölkə arasında bütün sahələrdə dinamik tərəfdaşlığın davam etdiyini bildirib. İlham Əliyev Özbəkistanın Qarabağın bərpasına verdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. Füzuli rayonunda Mirzə Uluqbəy adına məktəbin Özbəkistanın təşəbbüsü ilə tikilməsi iki ölkə arasında qardaşlıq münasibətlərinin parlaq nümunəsi kimi dəyərləndirilib. Bu məktəbdə hazırda yüzlərlə şagirdin təhsil alması Özbəkistanın Azərbaycana real dayaq göstərdiyini göstərir. Müsahibədə iqtisadi-ticarət münasibətləri də geniş şəkildə şərh olunub. İlham Əliyev qeyd edib ki, son illər ticarət dövriyyəsində nəzərəçarpacaq artım var. 2024-cü ildə ticarət dövriyyəsi 252 milyon dollar olduğu halda, 2025-ci ilin ilk doqquz ayında bu rəqəm 319 milyon dollara çatıb və bu, təxminən 87,5 faiz artım deməkdir. Azərbaycanda Özbəkistan kapitalı ilə fəaliyyət göstərən 120-dən çox şirkətin mövcudluğu, 2023-cü ildə 500 milyon dollar kapitalla birgə investisiya fondunun təsis edilməsi ikitərəfli iqtisadi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu sübut edir. Prezident nəqliyyat və logistika sahəsində əlaqələrdən danışarkən Orta Dəhlizin regional əməkdaşlıq üçün mühüm rol oynadığını bildirib. Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat marşrutları Özbəkistan da daxil olmaqla Mərkəzi Asiya ölkələri üçün yeni bazarlara çıxışı asanlaşdırır. Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt limanı, beynəlxalq hava limanları və yeni infrastruktur layihələri ölkəmizi regionun mühüm nəqliyyat mərkəzinə çevirir. O həmçinin Zəngəzur dəhlizinin açılmasının bütün region ölkələri üçün faydalı olacağını vurğulayıb. Enerji sahəsində əməkdaşlıq da xüsusi qeyd olunub. SOCAR-ın Özbəkistana neft və neft-kimya məhsulları ixrac etməsi, “NIPI Nefteqaz” və “Ozlitineftgaz” institutları arasında əməkdaşlıq çərçivəsində yaradılan birgə müəssisələr, həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin inteqrasiyasına dair sənədlərin imzalanması regional enerji təhlükəsizliyində yeni imkanlar açır. Mədəni-humanitar əməkdaşlıq da müsahibədə geniş yer alıb. Son illərdə keçirilən Mədəniyyət Günləri, “Şuşa Günləri”, regionlararası əməkdaşlıq çərçivəsində şəhərlərin qardaşlaşması, gənclər və incəsənət layihələri xalqlarımız arasında yaxınlığı daha da artırır. Daşkənddə Heydər Əliyev Meydanının, Bakıda isə Özbəkistan Parkının açılması bu əlaqələrin yüksək səviyyədə olduğunu göstərən mühüm addımlardır. İdman sahəsində əməkdaşlıq da diqqətdən kənarda qalmayıb. Azərbaycan və Özbəkistanın 2027-ci il futbol üzrə U-20 Dünya Çempionatını birgə keçirməsi ölkələr arasında əməkdaşlığın yeni sahələrə doğru genişləndiyini nümayiş etdirir. Prezident həmçinin media və vətəndaş cəmiyyəti müstəvisində əməkdaşlığın inkişaf etdiyini bildirib. 2024 və 2025-ci illərdə keçirilmiş Azərbaycan–Özbəkistan Media Forumları, eləcə də QHT-lərarası əməkdaşlıq platformaları iki ölkə arasında informasiya və ictimai dialoqun güclənməsinə xidmət edir. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan danışarkən İlham Əliyev vurğulayıb ki, Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatında, BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında və digər platformalarda bir-birini hər zaman dəstəkləyir. Bu, iki ölkənin ortaq regional və qlobal maraqlara malik olduğunu göstərir. Müsahibənin sonunda Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uzunmüddətli və dayanıqlı xarakter daşıyır, qarşıdakı illərdə isə bu əməkdaşlıq daha da genişlənəcək. Onun sözlərinə görə, iki ölkənin birliyi təkcə siyasi və iqtisadi deyil, həm də xalqların tarixi və mənəvi bağlarına əsaslanır və bu bağlar gələcək nəsillərə ötürüləcək.

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
50
sesqazeti.az

10Mənbələr