AZ

Məktəblilər “Ədibin Evi”ndə dil, mədəniyyət və suverenlik arasında əlaqələri müzakirə ediblər

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 17 noyabr, AZƏRTAC

Dövlət dili, mədəniyyət və suverenlik- biri-birindən ayrılmaz bu dəyərləri Bakı şəhəri Xəzər rayonunun məktəbliləri “Ədibin Evi”ndə keçirilən görüşdə müzakirə ediblər.

“Ədibin Evi”ndən AZƏRTAC-a bildirilib ki, Xəzər rayonunun Binə və Qala qəsəbələrində yerləşən on müxtəlif tam orta məktəbi təmsil edən 11-ci sinif şagirdləri müəllimləri ilə birgə əvvəlcə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə təşkil edilən Qız Qalası və Şirvanşahlar Sarayının bələdçili turuna qoşulublar.

Sonra tarixi ab-havada söhbətlər görkəmli Azərbaycan yazıçısı, alim və pedaqoq Mir Cəlalın Bakıda ilk ünvanı olan “Ədibin Evi”ndə davam edib.

Məktəblilər qarşısında çıxış edən “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva və Milli Məclisinin deputatı Gülşən Paşayeva ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli“ elan edildiyini diqqətə çatdırıblar.

Deputat Gülşən Paşayeva vurğulayıb ki, Azərbaycan Respublikasının Konstitusiyası hər bir vətəndaş üçün böyük önəm daşıyır və şagirdləri bu sənədlə yaxından tanış olmağa çağırıb. O, Konstitusiyada öz əksini tapmış bir sıra məsələlər, o cümlədən xalq hakimiyyəti və dövlətin əsasları, dövlət dili, əsas hüquqlar, azadlıqlar və vəzifələr haqqında şagirdlərə qısa məlumat verib.

Şəfəq Mehrəliyeva isə xatırladıb ki, ana dili hər bir xalqın yaddaşı, tariximizi, adətlərimizi, düşüncə tərzimizi yaşadan canlı xəzinədir: “Mədəniyyət məhz bu dilin içində formalaşıb, inkişaf edir və gələcək nəsillərə ötürülür. Suverenlik tək siyasi hüdudlarla ölçülmür. Əsl müstəqillik, həmçinin xalqın öz dilində düşünə, yarada və dünyada öz səsi ilə çıxış edə bilməsidir. Dilini qoruyan xalq mədəniyyətini yaşadır, mədəniyyətini yaşadan xalq isə suverenliyini gücləndirir”.

“Məktəblilər Ədibin Evində” görüşü interaktiv formatda davam edib.

Tədbirin sonunda şagirdlərə “Ədibin Evi” və Milli Məclis adından kiçik xatirə hədiyyələri təqdim edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
22
azertag.az

10Mənbələr