AZ

FHN yanında İctimai şuranın üzvləri Xüsusi Riskli Xilasetmə Xidmətində görüş keçiriblər

Bakı, 17 noyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) yanında İctimai şuranın üzvləri nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətində görüş keçiriblər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşün keçirilməsində əsas məqsəd xidmətin fəaliyyət istiqamətləri ilə tanışlıq, fövqəladə hallar zamanı tətbiq edilən müasir yanaşmalara dair fikir mübadiləsinin aparılması olub.

Görüş zamanı şura üzvləri Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyəti, o cümlədən fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarına dair təqdmatı izləyiblər. Şura üzvlərinə yüksək riskli əməliyyatlarda istifadə olunan metodlar, texniki imkanlar, şəxsi heyətin hazırlıq proqramları və təlim sistemi, beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi sahəsində görülən işlər haqqında geniş məlumat verilib.

Şura üzvləri, həmçinin xidmətin inzibatı binasının həyətində şəxsi heyətin təlim-məşq prosesini izləyiblər. Xilasedicilər tərəfindən “dağlıq ərazidə köməksiz vəziyyətdə qalmış zərərçəkmişin” xüsusi alpinist avadanlığı ilə “xilas edilməsi”, “çətin keçilən zonalarda itkin düşmüş şəxslərin” axtarışı, “qapalı və zərərli mühitdə” xilasetmə əməliyyatı, şərti zəlzələ və uçqun zamanı “dağıntılar altında qalanların xilas edilərək” təxliyəsi, xüsusi mexaniki qurğular və müasir axtarış cihazlarının tətbiqi, xüsusi təlim görmüş itlərin iştirakı ilə axtarış-xilasetmə əməliyyatı nümayiş olunub. Şura üzvlərinə, həmçnin real əməliyyatlarda istifadə olunan taktiki yanaşmalar, təhlükəsizlik protokolları və heyətin koordinasiya qaydaları izah edilib.

İctimai şuranın üzvləri Xüsusi Riskli Xilasetmə Xidmətinin yüksək peşəkarlıq səviyyəsinə malik olduqlarını vurğulayaq həyata keçirilən işlərin əhəmiyyətindən danışıb, bu cür görüşlərin davamlı olacağını diqqətə çatdırıblar.

 

Seçilən
95
7
azertag.az

10Mənbələr