AZ

Zəngəzur dəhlizinin tikintisi barədə mühüm xəbərin anonsu verildi...


Aydın Hüseynov: “Zəngəzur dəhlizi təkcə Azərbaycanın daxili birliyini təmin etməyəcək…”

"Əminəm ki, Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək. Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir". Bu fikirləri Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında çıxışı zamanı səsləndirib.

Ölkə başçısı qeyd edib ki, Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək: “Azərbaycanda yaradılan müasir nəqliyyat infrastrukturu, o cümlədən ticarət donanması, yaxın illərdə gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və ölkənin doqquz beynəlxalq hava limanı da daxil olmaqla, bütün bunlar Azərbaycanın qlobal nəqliyyat və logistika qovşağı kimi rolunu gücləndirən amillərdir”.

“Zəngəzur dəhlizi təkcə nəqliyyat layihəsi deyil, bu, Azərbaycanın strateji mövqeyini gücləndirən, Mərkəzi Asiyanı Qafqaz və Avropa ilə birləşdirən, regionda sabitlik və əməkdaşlığı artıran tarixi layihədir”

Prezident İlham Əliyev çıxışında Zəngəzur dəhlizinin tikintisinin başa çatmaq üzrə olduğunu dilə gətirib. Zəngəzur dəhlizinin açılmasının əhəmiyyəti haqqında fikir bildirən millət vəkili Aydın Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə səsləndirdiyi fikirlər Zəngəzur dəhlizinin artıq reallığa çevrildiyini bir daha göstərir: “Dövlət başçısı açıq şəkildə bildirdi ki, bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar nəticəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat xətti tam şəkildə siyasi əsas qazanıb. Prezident vurğuladı ki, Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. Bu dəhliz təkcə Azərbaycanın daxili birliyini təmin etməyəcək. Prezidentin sözlərinə görə, bu yol bütün Mərkəzi Asiya ölkələri üçün yeni tranzit imkanları yaradacaq. Çünki Azərbaycan artıq regionun ən müasir nəqliyyat infrastrukturuna sahibdir. Ölkəmizdə gücü yaxın illərdə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, yenidən genişləndirilmiş Bakı–Tbilisi–Qars dəmir yolu, doqquz beynəlxalq hava limanı və böyük ticarət donanması fəaliyyət göstərir. Bütün bunlar Azərbaycanı qlobal logistika mərkəzinə çevirir. Zəngəzur dəhlizi açıldıqdan sonra Orta Dəhlizin yükgötürmə qabiliyyəti daha da artacaq. Mərkəzi Asiya ölkələri Avropa bazarlarına daha qısa, daha ucuz və daha təhlükəsiz marşrutla çıxış əldə edəcək. Bu isə regional ticarəti canlandıracaq, tranzit gəlirlərini artıracaq və Türk dünyasını faktiki olaraq vahid iqtisadi məkan halına gətirəcək. Beləliklə, Prezident İlham Əliyevin sözləri bir daha göstərir ki, Zəngəzur dəhlizi təkcə nəqliyyat layihəsi deyil. Bu, Azərbaycanın strateji mövqeyini gücləndirən, Mərkəzi Asiyanı Qafqaz və Avropa ilə birləşdirən, regionda sabitlik və əməkdaşlığı artıran tarixi layihədir”.

Günel CƏLİLOVA

Seçilən
269
50
baki-xeber.com

10Mənbələr