AZ

Mənim xatirə çələngim


Xatirələr bitib-tükənmir. Yaddaşımızın dərin qatlarını da elə xatirələr bəzəyir...

Mənim də yaddaş kitabımın əsas səhifələrində xatirələr ilıq-isti cığırlar açıb. Hərdən o səhifələrdən nələrisə yadıma salır, ovqatımı təzələyirəm.

Elə şair Tofiq Bayramın kitabının təqdimatı da vəsf etdiyim şirin xatirələrdən biridir...

1980-ci ildə “Yazıçı” nəşriyyatında istedadlı şair Tofiq Bayramın “Könlümdə yaşayanlar” adlı kitabı işıq üzü görmüşdü. Bir il sonra - 14 sentyabr 1981-ci ildə Xəlil Rza Ulutürkün Türkan qəsəbəsindəki bağ evində həmin kitabın təqdimatı keçirildi. Təqdimata Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Söhrab Tahir, Xəlil Xəlilbəyli (məlumat üçün deyim ki, Xəlil Xəlilbəyli o vaxtlar bir neçə imza ilə - Xəlil Xəlilov, Xəlil Odsevər, Xəlil Rza Ulutürk və s. şeirlər yazırdı), Sabir Ələkbərov (Qaraoğlu), Qabil, Tofiq Bayram, Məmməd Araz, Hüseyn Kürdoğlu, Nəriman Həsənzadə, İlyas Tapdıq, Zəlimxan Yaqub, Məmməd Aslan, Musa Yaqub, Cabir Novruz, Mikayıl Mirzəyev, Zeya Saqaraşvili qatılmışdı. Həmin tədbirdə mən – Eldar Həsənli də iştirak edirdim. Düzdür, mən tədbirə dəvət almamışdım, məni oraya İlyas Tapdıq aparmışdı. Bütün hallarda o görkəmli ziyalıların arasında özümü həm bəxtiyar sanır, həm də şeirin fövqünə qalxırdım.

Tədbiri şair Hüseyn Kürdoğlu aparırdı. Burada diqqət çəkən məqam çox idi, biri də o idi ki, Zəlimxan Yaqub sinəsinə Dədə Qorqud yadigarı sazı elə sıxmışdı ki, sanırdın ən istəkli adamını qucaqlayıb...

Tədbirin gedişi zamanı diqqətimi tanımadığım bir nəfər də çəkdi. Zəndim məni aldatmırdı; o, tez-tez cibindən dəftər-qələm çıxarır, nəsə yazır, sonra da yazdığının üstündən xətt çəkirdi. Düşünürdüm ki, o, mənəviyyatı zəif adamdır, kimlərin əhatəsində olduğunun fərqinə vara bilmir. Belələrinə bədbəxt adam demək daha doğru olar.

Aşağıdakı “Qal əhli var bu məclisdə” adlı gəraylım mayasını yuxarıda bəhs etdiyim o möhtəşəm tədbirdən aldı. Zənn edirəm ki, titrək notlarla qələmə aldığım, mürəkkəbi çoxdan qurumuş bu gəraylıda həmin o şəxs barədə də nəsə əxz edə bilmişəm.

Qabil kimi, Söhrab kimi

Çal əhli var bu məclisdə.

Dilsizi də dindirirlər,

Lal əhli var bu məclisdə.

Yaddaşına düşüb ilmə,

Burda yazıb, burda silmə.

Zadın oğlu, elə bilmə

Kal əhli var bu məclisdə.

Gəl yabını minmə qəti,

Qoltuqlara sinmə qəti.

Sakit otur, dinmə qəri,

Zal əhli var bu məclisdə.

Cabir yazmır zəlil kimi,

Tofiq gəzmir əlil kimi,

Xəlilbəyli Xəlil kimi

Hal əhli var bu məclisdə.

Bəxtiyardı gücüm, heyim,

Nəbi Xəzri udum, neyim.

Nərimantək bəxti yeyin

Xal əhli var bu məclisdə.

Dinmir Sabir kimi yazar,

Musa Yaqub açmır bazar.

Tas qurarlar, fikrin azar,

Fal əhli var bu məclisdə.

Məmməd Araz duru gözlü,

Məmməd Aslan odlu-közlü,

Zəlimxantək sazlı, sözlü

Bal əhli var bu məclisdə.

Hüseyini səslə, çağır,

Mikayılı sanma fağır.

İlyas Tapdıq kimi ağır

Sal əhli var bu məclisdə.

Həsənliyəm, ikiqat get,

Ya mürgülə, ya da yat get.

Çalış, burdan salamat get,

Qal əhli var bu məclisdə.

Bu gəraylı təkcə bəhs etdiyim tədbirdə diqqətimi çəkən o mənəviyyatsız adama ünvanlanmamışdı, əslində, o dövrdə mənəvi yoxluqdan əziyyət çəkən hər kəsə tutarlı bir qınaq idi…

Təbii ki, indi də sözə dəyər verməyi bacarmayanlar var. Onlar tarixin heç bir küncündə özlərinə yer tuta bilmirlər. Lakin sözü yaşadanlar bu gün də yaşayırlar…

Eldar Həsənli,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, şair-publisist

Seçilən
119
47
baki-xeber.com

10Mənbələr